"Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir".

İqtisadiyyat.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb.

Dövlət başçısı qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilib:

"Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır".