Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***13:20

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gedib.

Bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, dövlət başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.

Azərbaycan dövlətinin başçısının şərəfinə təntənəli qarşılama mərasimi təşkil olunub, fəxri qarovul dəstəsi düzülüb.

*** 10:30

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-12-də Qırğız Respublikasına dövlət səfəri edəcək.

İqtisadiyyat.az Qırğız Respublikası mətbuatına istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Sadır Japarov ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.

Bundan əlavə, dövlət səfəri çərçivəsində "Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulur.