“Azərbaycan bayrağının yüksəldilməsinin, himninin səsləndirilməsinin Azərbaycan gəncliyi üçün əsas hədəfə çevrilməsinin təməlində Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən müəyyənləşdirdiyi strategiya dayanır. 44 günlük Vətən müharibəsi də sübuta yetirdi ki, güclü lideri, birliyi, həmrəyliyi və mübarizə əzmi olan xalqlar ən çətin sınaqlardan belə uğurla, zəfərlə çıxmağı bacarırlar”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev türk dünyasının böyük söz və düşüncə adamlarından biri olan İsmayıl Bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideoloji düsturunun tarixin heç bir dönəmində sonunadək baş tutmayan, real nəticə verməyən hissəsinin – işdə, əməldə birliyin həyata keçirilməsi kimi ən ağır, ən məsuliyyətli missiyasına siyasi həyatının ən müqəddəs məfkurələrindən biri kimi sahiblənib, sözün, fikrin və işin vəhdətindən yeni və strateji baxış bucağına malik olan əməkdaşlıq modelinin formalaşmasına nail olub:
“Prezident İlham Əliyevin adı türk dünyasının tarixinə Çanaqqala zəfərindən sonra ən böyük qələbəyə imza atan, türk xalqlarının qürurunu yüksəldən, özünəinam hissini qaytaran Ali Baş Komandan kimi yazıldı. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin torpaqlarımızın azad edilməsi uğrunda nümayiş etdirdikləri misilsiz qəhrəmanlıq nümunələri türk dünyasını silkələdi, özünə qaytardı, gələcəyə daha böyük inamla baxmasına imkan verdi. Dövlətimizin başçısının Ali Baş Komandan kimi döyüş əməliyyatlarının həyata keçirilməsində, Azərbaycan Respublikasının Prezidenti kimi diplomatik müstəvidə və informasiya müharibəsində nümayiş etdirdiyi yüksək liderlik keyfiyyətləri türk tarixinin şərəfli səhifələrinin yenidən yazıldığına və bundan sonra da yazılacağına əminlik yaratdı. Bütün bunları ona görə xatırladıram ki, İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gündən mövcud zaman kəsiyinədək olan fəaliyyətinin nəinki bir ilini, heç bir anını belə ayrılıqda dəyərləndirmək mümkün deyil. İlham Əliyevin fəaliyyəti də şəxsiyyəti kimi bütövdür. Geridə qalan zaman kəsiyində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarını incələdikcə, sözügedən sahələrdə atılan addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları vahid Vətən ideyası altında birləşdirən, böyük hədəflərə doğru aparan, mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanın lideridir:
“Bu gün dünyada, xüsusilə də yaşadığımız bölgədə baş verən hadisələr Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına, çaylarına, bütövlükdə hər qarışına ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar, yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik. Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin bitib tükənməyən tələlərindən sıyrılaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmək, sadəcə iti zəka, strateji düşüncə deyil, Vətəninə və xalqına nəhayətsiz sevgi, ideallarına sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir. Bu baxımdan, Prezident İlham Əliyev böyük bir coğrafiyada zülmə məruz qalan, haqqı tapdanan, öz tarixi vətəninə, ana südü kimi halal torpağına, tarixinə, mədəniyyətinə və gələcəyinə sahiblənmək istəyən bütün xalqlar üçün liderlik nümunəsidir”.
Elçin Mehdiyev