Polşa hakimiyyəti “Şərq qalxanı” proqramı çərçivəsində Rusiya Federasiyası ilə sərhəddə müdafiə istehkam xəttinin tikintisinə başlayıb.
İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədəki səhifəsində bildirib.
O, paylaşımına torpaq işləri aparan ekskavatorları əks etdirən fotoşəkil əlavə edib. “Şərq Qalxanının tikintisinə başlanılıb”- deyə Tusk yazıb.
Polşa hakimiyyəti may ayının əvvəlində Şərq Qalxanı proqramını elan etmişdi. Dəyəri 10 milyard zloti (təxminən 2,5 milyard dollar) təşkil edən işlərin tamamlanması 2028-ci ilə planlaşdırılır.
Birbaşa Belarus və Rusiya ilə 800 km-lik sərhəd zonasında xəndəklərin qazılması, mina sahələrinin yerləşdirilməsi, tank əleyhinə kirpilərin quraşdırılması, aktiv müşahidə sisteminin yaradılması planlaşdırılır.