Azərbaycan dövlətlərarası arbitraj tarixində ilk dəfə Avropada vəhşi fauna və floranın və təbii mühitin mühafizəsi haqqında Bern Konvensiyasına əsasən Ermənistana qarşı iddia qaldırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Politico” nəşrinin “Azərbaycan Ermənistana qarşı ekoloji hücuma başlayıb” adlı məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan ərazilərinin otuz illik qanunsuz işğalı zamanı ətraf mühitə dəymiş ziyana görə iddia qaldıraraq Ermənistana qarşı yeni hüquqi “cəbhə” açır.

Vurğulanır ki, hər iki ölkə Aİ və 50-dən çox başqa ölkə ilə birgə məcburi qüvvəyə malik beynəlxalq müqavilə imzalayıb, lakin bundan əvvəl heç vaxt iki dövlət arasında ekoloji problemlərin həllində bundan istifadə olunmayıb.

“Son iki il ərzində 2020-ci il müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdə ətraf mühitə ziyan vurulması ilə bağlı şokedici sübutlar aşkarlamışıq. Bu ərazilərin biomüxtəlifliyinə ziyan vurulub. Təbii ehtiyatların qeyri-qanuni istismarı və sənaye çirklənməsi bugünədək ekosistemimizə zərər verməkdə davam edir”, - Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov nəşrə açıqlamasında deyib.

O qeyd edib ki, beynəlxalq məhkəməyə müraciət ədaləti təmin etmək cəhdidir. “2020-ci il müharibəsi başa çatdıqdan sonra münasibətlərimizdəki mövcud səhifəni çevirmək, regionda sülhü təmin etmək istəyimizi bildiririk. Amma eyni zamanda keçmiş cinayətlərə görə cavabdeh olanların hamısını məsuliyyətə cəlb edəcəyik”, - o bildirib.