Kanadalı rejissor Deniel Roerin “Navalnı” filmi “Oskar” mükafatının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olduqdan sonra Rusiyada bu xəbər birmənalı qarşılanmayıb. Müxtəlif dövlət rəsmiləri bu seçimə tənqidi yanaşıblar. 

İqtisadiyyat.az xəbər verir ki, film rusiyalı müxalifət lideri Aleksey Navalnının 2020-ci ilin yayından 2021-ci ilin yanvarına qədər həyatında baş verən hadisələrdən bəhs edir. Mövzu ilə bağlı Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavab olaraq bunları dilə gətirib: "Filmin keyfiyyətini mühakimə edə bilmərəm, çünki baxmamışam. Amma güman edirəm ki, burada siyasiləşmə elementi var". 

Xatırladaq ki, 2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Belə ki, 2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı “İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl – 500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb. 

2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.