Artıq Azərbaycanda da interyer dizaynı sahəsinə böyük maraq, tələb yaranıb. Demək olar ki, özəl şirkətlər, dövlət qurumları bu sahədən istifadəni genişləndirib. İşin məsuliyyətindən, yükündən asılı olmayaraq bu məsləyi sevə-sevə icra edən dizayneri Xəyalə Rüstəmova peşəsinin sirlərini İqtisadiyyat.azsaytı ilə bölüşüb. Xanım dizayner deyir ki, bu sahədə peşəkar olmaq üçün səbr, yaradıcılıq və təxəyyül əsas rol oynayır.

“İnteryer dizayner sahəsi inşaatla bağlı bir sahədir. Burada müasir düşüncə, yeniliklərə açıq olmaq, estetik zövq mütləq şərtlərdəndir. Uğur qazanmaq üçün hər cür kaprizləri olan müştərilərlə ünsiyyətdə səbrli, təmkinli həmçinin, məsuliyyətli olmaq lazımdır. Əsas nüanslardan biri də müştərinin nə istədiyini dəqiqləşdirmək və onların arzularına uyğun təxəyyül əsasında fikir ortaya qoymaqdır. Bu həm də müştərinin etibarını, inamını qazanmaq deməkdir. İşin texniki tərəfinə nəzər saldıqda isə materialları tanımaq, istifadə qaydalarında uyğunluğu təyin etmək çox vacibdir.”

Müsahibim deyir ki, hazırki stiuasiyada tələblərdə dəyişiklik var: “Pandemiya dövrünü nəzərə alsaq, indi sifarişlər daha çox həyət, bağ evləri ilə bağlı olur. Dünyanı əhatəsində saxlayan koronavirus bəlası səbəbindən insanlar rahatlıq tapmaq üçün bağ evlərində dincəlməyə üstünlük verirlər. Onu da deyim ki, Azerbaycanda neoklassika ve modern üsluba maraq daha çoxdur.”