Peruda Milli Konqresdə keçirilən səsvermədə prezident Dina Boluartenin erkən seçki çağırışı bir daha qəbul edilməyib.

İqtisadiyyat.az xəbər verir ki, səsvermədə “növbədənkənar seçki tələbi” 54 lehinə, 68 əleyhinə və 2 bitərəf olmaqla ardıcıl ikinci dəfə rədd edilib.

Bildirilib ki, seçkilərin 2023-cü ilin dekabrında keçirilməsi təklifini Konqresə Konstitusiya Komissiyasının sədr müavini Hernando Querra Qarsiya təqdim edib.

Öz bəyanatında Amerika Dövlətləri Təşkilatı (OAS) Peru hakimiyyətinə müraciət edərək, ölkədə tezliklə ədalətli, azad və şəffaf seçkilərin keçirilməsini istəyib.

Digər tərəfdən hökumət əleyhinə nümayişlərin davam etdiyi ölkədə minlərlə insan paytaxt Lima başda olmaqla bir çox şəhərdə etiraz aksiyaları təşkil edib və polislə qarşıdurma yaşanıb.

Qeyd edək ki, yanvarın 28-də Milli Konqresdə keçirilən səsvermədə Boluartenin erkən seçki çağırışı qəbul edilməmişdi.