“Azərbaycan sosial yönümlü dövlətdir və Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində vətəndaş dayanır. Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı verdiyi sərəncam bunu bir daha sübut edir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət hər zaman əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir:
“Bu sərəncam da sosial islahatların davamıdır. Sərəncam 1.1 milyon vətəndaşımızı əhatə edəcək və onların pensiyaları ötən ilin orta aylıq əməkhaqqının artımına uyğun olaraq 8.1 faiz artırılacaq. Bu bir daha cənab Prezident İlham Əliyevin daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını təsdiqləyir. Təkcə son bir neçə ilə nəzər yetirsək, Azərbaycanda sosial təminatın yaxşılaşdırılması istiqamətində nə qədər böyük işlərin həyata keçirildiyini aydın görərik”.
S.Hüseynova vurğulayıb ki, son illər ərzində Azərbaycanın dövlət büdcəsi sosialyönümlü xarakter daşıyır: “2025-ci ilin büdcəsində sosialyönümlülük artırılıb. Hər bir Azərbaycan vətəndaşı dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Sosial məsələlərin həyata keçirilməsi üçün büdcədə vəsait kifayət qədər artırılıb. Belə ki, 2025-ci ilin dövlət büdcəsinin 40 faizdən artıq hissəsi sosialyönlü xərclərə yönəldiləcək və 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edəcək”.
Deputatın sözlərinə görə, digər bir mühüm amil ondan ibarətdir ki, dövlətimizin başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır: “Vahid indeksasiya metodu ilə hesablama pensiyaçıların infilyasiyanın təsirlərindən qorunmasını təmin edir ki, bu da çox önəmli bir məsələdir. Bu mütərəqqi bir addımdır və pensiyaçılarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilib. Digər bir mühüm məqam isə ondan ibarətdir ki, pensiya artımları elektron qaydada həyata keçirilir. Artıq pensiyaçılar hər hansı bir quruma gedib sənəd təqdim etmirlər, bütün proseslər elektron qaydada baş tutur”.
Elçin Mehdiyev