Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncamda nəzərdə tutulan yardım COVID-19 pandemiyasının, beynəlxalq bazarlarda qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılmasına xidmət edir.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib. 

O bildirib ki, əmək pensiya məbləğləri 2021-ci ildəki orta aylıq məbləğinə, pensiya kapitalı isə illik infilyasiya səviyyəsinə indeksasiya olunacaq:

“İndeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq”.

Millət vəkili vurğulayıb ki, sənəddə əmək pensiyaçılarına il ərzində yardımın nəzərdə tutulması həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımdan vacib addımdır:

“Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Eyni zamanda, yanvar ayı üçün nəzərdə tutulan indeksasiya artımı da fevral ayının pensiyası ilə birlikdə ödəniləcək”.

Vüqar Bayramov qeyd edib ki, son sərəncamda nəzərdə tutulan yardım orta pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlara təsir göstərəcək:

“Belə ki, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinə aylıq olaraq orta hesabla 17 manata (200 manat/12) yaxın əlavə deməkdir. Bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində 6,6 faiz artım deməkdir (17 manat/250 manat x 100 faiz). İndeksasiya faizini də nəzərə aldıqda bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin son sərəncamla 10 faiz (6,6 faiz + 3,4 faiz) artacağı anlamına gəlir.

Nəzərdə tutulan yardım 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində isə 5,6 faiz artım deməkdir (17 manat/300 manat x 100 faiz). İndeksasiya faizini də nəzərə aldıqda bu 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin 9 faiz (5,6 faiz + 3,4 faiz) artmasıdır”.

Deputat əlavə edib ki, sənədlə Nazirlər Kabinetinə bir ay müddətində maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb.

O bildirib ki, sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir:

“Belə ki, dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Yeni sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablamalarına görə, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92 faizini və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək”.