Pensiya və əməkhaqqılarının artımı əhali tərəfindən sevinclə qarşılansa da, süni qiymət artımları insanların rifahının yaxşılaşmasına mənfi təsir göstərir. Bir sıra sahibkarlar bundan fürsət kimi istifadə edərək süni yolla gəlirlərini artırmağa çalışırlar. 2025-ci ildə maaş və pensiya artımları da bu cür sahibkarlar üçün yeni “imkanlar” yaradıb.

Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, pensiya və əməkhaqqlarının artımı zamanı istehlak bazarında süni şəkildə qiymətlərin də artımı müşahidə olunur.

Onun sözlərinə görə, bu da birbaşa istehlakın artması ilə bağlıdır. Deputat vurğulayıb ki, bu baxımdan süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsi çox vacibdir: “Təəssüf ki, əvvəlki dövrlərin də praktikası göstərir ki, bir sıra hallarda sahibkarlar əməkhaqqı və pensiyaların artmasından həm də süni şəkildə qiymətlərin artırılması üçün istifadə edirlər. Çünki tələb artır və tələb artdığı üçün bu da süni qiymət artımına zəmin yaradır”.

V.Bayramov hesab edir ki, məhz buna görə də müvafiq qurumlar tərəfindən süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsi zəruridir: “Xüsusən də istehlak bazarında qiymətlərin monitorinqinin davam etdirilməsi və genişləndirilməsinə ehtiyac var”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq, yanvarın 1-dən ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, fevralın 1-dən isə minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılıb. Bununla yanaşı Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncama uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.