"Pensiya islahatları davam etdirilməlidir. Son təqdim olunan islahatlar paketində də qeyd olunur ki, pensiya sahəsində islahatlar davamlıdır. Növbəti dövrlərdə də yeni dəyişiklərin olacağını müşahidə edəcəyik".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklərin müzakirə zamanı da bir sıra təkliflər səsləndirib:

"İndiki halda uşaqların sayı 5 və daha çox olanların pensiya yaşının 5 il azaldılması həyata keçirilir. Təklifimiz ondan ibarətdir ki, burada uşaqların sayının azaldılması daha məqsədə uyğun olardı. Belə ki, 3 və daha artıq uşağı olan ailələrə pensiya yaşının azaldılması güzəştinin verilməsi yaxşı olardı".

V.Bayramov bildirib ki, vacib dəyişikliklərdən biri də ailə üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların hesablanması qaydası ilə bağlıdır:

“Bu dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Təklif edilən dəyişikliklərə əsasən, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını və ya sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da onların gəlirlərinin artmasına səbəb olacaq”.

O qeyd edib ki, bu məsələ ilə bağlı da təkliflərini diqqətə çatdırıb:

"Bəzi hallarda ailə üzvlərinin pensiya məbləğləri bir-birinə yaxın olur. Məsələn, ailə başçısı dünyasını dəyişir və onun həyat yoldaşı pensiya alır. Amma olur ki, onun pensiyası ilə düyasını dəyişən yoldaşının pensiyası arasında kəskin fərq olmur. Bunun da təkmilləşdirilməsini təklif edirik. Təklifimiz odur ki, ailə başçısı dünyasını dəyişdikdən sonra onun pensiyası və kapitalı daha ədalətli şəkildə ailə üzvləri arasında bölünsün".