Dekabr ayının 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin ümumi yığıncağı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın gündəliyində Filologiya fakültəsinə yeni dekan seçilməsi məsələsi qoyulub.

ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanovun sədrliyi, Elmi katibliyin əməkdaşı Şəfa Əhmədovanın katibliyi ilə keçirilən yığıncaqda Filologiya fakültəsinin dekanı v.i.e., ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, dekanlığa namizədlər və fakültənin professor-müəllim heyəti iştirak edib.

Yığıncağı açıq elan edən dos. E.Aslanov, bundan 3 il öncə Müzəffər Ali Baş Komandanın xalqımıza xoş bir müjdə verərək Laçın rayonunun işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün bərpa olunmasının başa çatdırıldığını vurğulayıb və vətən yolunda canlarını fəda edən şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib.

Sədr bildirib ki, fakültənin dekanı vəzifəsi üzrə mətbuatda elan dərc olunandan sonra 3 nəfər namizədliyini irəli sürmüş, daha sonra 1 nəfər namizədliyini geri götürmüşdür.

Prorektor qeyd edib ki, dekanlığa namizədlər – Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, f.ü.f.d. Həsənova Könül Nəriman qızı və Pəniyeva Günel Saleh qızı ötən dövr ərzində fakültənin kafedralarında görüşlər keçirmiş, platformalarını təqdim edərək, müzakirələrdə iştirak etmişlər.

Daha sonra dekanlığa namizədlər öz platformaları haqqında qısa məlumat veriblər.

Platformaların təqdimatından sonra səsvermə prosesinə başlanılıb. Əvvəlcə, kafedra nümayəndələrindən seçilmiş 6 nəfərdən ibarət Say komissiyası yaradılıb və əməkdaşlar seçki bülletenlərində öz seçimlərini qeyd ediblər.

Səsvermə yekunlaşdıqdan sonra Say komissiyası tərəfindən seçki qutusu açılıb və səslərin sayımı həyata keçirilib.

Say komissiyasının sədri, dosent Nazilə Abdullazadə səsvermənin nəticələrini elan edərək bildirib ki, fakültənin 186 nəfər əməkdaşından 182 nəfərinin iştirak etdiyi seçkilərdə 180 nəfər Könül Həsənovaya, 2 nəfər isə Günel Pəniyevaya səs veriblər. Beləliklə, f.ü.f.d. Könül Həsənova Pedaqoji Universitetin Filologiya fakültəsinin yeni dekanı seçilib.

Çıxış edən f.ü.f.d. K.Həsənova ona göstərdikləri böyük edimada görə fakültənin professor-müəllim heyətinə təşəkkürünü bildirərək qeyd edib ki, platformasında da qeyd etdiyi kimi Filologiya fakültəsində ötən dövrlərdə əldə olunan nailiyyətlərin davamlılığını təmin etmək, beynəlxalq və ikitərəfli elmi əlaqələri, elmi tədqiqatları inkişaf etdirmək istiqamətində yorulmadan fəaliyyət göstərəcək, fakültənin Azərbaycan filoloji təhsilinin mərkəzinə çevrilməsi yolunda əlindən gələni əsirgəməyəcək.

Sonda təəssüratlarını bölüşən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, prof. M.Hüseynova yeni seçilən dekana fəaliyyətində uğurlar arzu edib, onun rəhbərliyi ilə fakültənin daha da böyük uğurlar əldə edəcəyinə əminliyini ifadə edib.