Ermənistanın Baş naziri Nikol Paşinyan hər zaman olduğu kimi qeyri-konstruktiv, əssassız və riyakar fikirləri ilə regionda sülhün və sabitliyin bərqərar olmasına maneçilik törədir. Paşinyan erməni mətbuatında dərc olunan məqaləsində yenə də həqiqətləri təhrif etməyə, əsas məsələlərdən fikiri yayındırmağa çalışıb. Görünən odur ki, sülh müqaviləsinin imzalanmasının vaxtının uzadılmasına yönəlik çıxışlar edən Paşinyanın ritorikasının səbəbləri isə yeni himayədar axtarışına çıxması ilə əlaqədardır. 

Milli Məclisin deputatı Sevinc Hüseynova İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın 10 fevral 2025-ci il tarixində “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları reallığı təhrif etmək və dünya ictimaiyyətini yayındırmaq məqsədi daşıyır.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən keçən müddət ərzində Paşinyanın dəfələrlə bu cür riyakar hərəkətləri və qeyri-səmimi davranışları müşahidə olunub: “Bu dəfələrlə revanşizmi sülh pərdəsi altında gizlətmək cəhdləri nümayiş etdirib və bu məqalədə biz bu hərəkətləri bir daha görürük. Paşinyan 30 il müddətində Azərbaycanın 20 faiz ərazilərini zəbt edən ölkənin tarixini unudaraq özünü aqressiya qurbanı kimi qələmə verir və əsas arqument olaraq Qərbi Azərbaycan İcmasının mövcudluğunu göstərir”.

Deputat vurğulayıb ki, İcmanın əsas məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən qovulan soydaşlarımızın sülh yolu ilə doğma yurdlarına qayıtmasını təmin etməkdir: “İcmanın bu məqsədi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit olunub. Paşinyanın müxtəlif bəhanələrlə İcmanın məqsədlərini yalnış təsvir etməklə bu hüququ danması bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlılara yer olmamasına gətirib çıxaran qəddarlığın göstəricisidir”.

S.Hüseynova söyləyib ki, Paşinyan məqaləsində Ermənistanın yenidən silahlanmasını islahatlar kimi qələmə verməyə çalışır və qeyd edir ki, guya Ermənistanın Azərbaycanla bağlı hərbi əməliyyatlar keçirmək planları yoxdur: “44 günlük Vətən müharibəsi bitdikdən sonra üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərə baxmayaraq Ermənistan ağır silahlarla təchiz edilmiş on minlərlə qanunsuz hərbi birləşmələri Azərbaycan ərazilərində saxlamış bir ölkəni təmsil edir və “Global Fire Power” hesabatında 144 ölkə arasında 91-ci yerdə yerləşir. Bu siyahıda Ermənistan silahlandığı üçün əvvəlki illə müqayisədə 10 pillə irəliləyib. Son 3 il ərzində Ermənistan hərbi xərcləri kəskin artıraraq 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatdırıb. Bu da təbii ki, müdafiə üçün deyil, hücum üçün nəzərdə tutulan silahların alınması ilə bağlıdır. Ermənistan Fransadan, Hindistandan hücum silahları alınması ilə bağlı müqavilələr imzalayıb. Ermənistan əsasən Azərbaycan ərazilərinə zərbələr endirmək üçün silahlar almaqdadır. Bundan əlavə, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Həmçinin Ermənistanda revanşizmin artmasını nəzərə alaraq Ermənistan hərbi potensialının artırılması Azərbaycanın təhlüksizliyinə birbaşa təhdiddir. Sülhə nail olmaq üçün Ermənistan bu cür hərəkətlərindən və riyakarlıqdan imtina etməlidir”.

Siyasi şərhçi Asif Nərimanlı isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Nikol Paşinyanın səsləndirdiyi fikirlərlə bağlı zaman məsələsinə baxmaq lazımdır. Onun sözlərinə görə, bu məqalənin hədəfi ilk olaraq Azərbaycanı beynəlxalq ictimaiyyətə təcavüzkar kimi göstərmək, Ermənistanın təhlükəsizliyinə problem yaradan tərəf kimi təqdim etmək, digər tərəfdən isə beynəlxalq ictimaiyyətin rəyini Ermənistanın xeyrinə formalaşdırmaqdır:

“Nəzərə alaq ki, Paşinyan Amerikaya səfər etmişdi və məqsəd bu idi ki, Tramp Administrasiyasında, xüsusilə də Donald Trampla müəyyən görüşlər keçirsin. Əsas hədəf və əsas fəaliyyət planı isə Bayden Administrasiyası ilə imzalanan Amerika-Ermənistan strateji sazişin yeni hakimiyyət tərəfindən qəbul edilib-edilməyəcəyi məsələsi idi. Ermənistan mediasında bu məsələnin Tramp tərəfindən qəbul edilməməsi, o cümlədən müəyyən informasiyaların dərc edilməsi göstərir ki, Paşinyan Amerikada istəyinə nail olmayıb və yaxud da ən azından lazım olan suallara cavab tapa bilməyib. Belə bir situasiyada Paşinyan və Ermənistan üçün Qərb cəbhəsində Ermənistana dəstək verən qüvvələr parçalanır. İndiyə qədər Bayden Administrasiyası dövründə Amerika və Avropa İttifaqı Ermənistana eyni formada dəstək verirdilərsə, artıq Tramp Administrasiyası dövründə bu dəstək haçalanır və bu halda Ermənistan üçün Rusiya da daxil olmaqla Ermənistanın rəqib hesab etdiyi ölkələr qarşısında qalxan rolu zəifləyir”.

Siyasi şərhçi xatırladıb ki, belə bir situasiyada Ermənistan Amerikada istəyinə nail ola bilmədiyi üçün Paşinyan dərhal Fransaya səfər edir və Emmanuel Makronla görüşür: “Yəni bu səfərlər təbii ki, müəyyən bir protokol çərçivəsində, hansısa tədbirdə iştirak adı altında reallaşır. Amerikadan cavab ala bilməyən Paşinyanın Parisə səfəri və Makronla görüşü qarşıdakı dövrdə Fransadan dəstək almaq, həm də bu dəstəklə Avropa İttifaqının tam dəstəyini qəbul etməkdir. Burada Amerikanın prosesdən kənarda qalması, yaxud Ermənistana dəstək verib-verməyəcəyinin aydın olmaması rəsmi İrəvan üçün problemlərdən biridir”.

A.Nərimanlının fikrincə, Paşinyan bu konteksdə və bu səfərdən öncə “Armenpress”də belə bir məqalə dərc etdirməklə, əslində, Avropa İttifaqına - Qərbə müəyyən bir mesajlar ötürür: “Yaxud beynəlxalq ictimai rəyi formalaşdırmaq məqsədi güdür. Paşinyanın məqaləsində Azərbaycanın guya Ermənistanı təhdid etməsi, sülh məsələsinə razı olmaması və s. iddialar yersiz və əsassız ittihamlardır. Paşinyan bu məqalə ilə guya Ermənistanın təhlükəsizliyinin təhdid altında olduğunu beynəlxalq ictimaiyyətə göstərməyə çalışır. Bununla da beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan əleyhinə fikir formalaşdırmağa və beləliklə də özünə dəstək almağa cəhd göstərir”.

Politoloqun sözlərinə görə, digər tərəfdən Ermənistan mövcud şərtlər əsasında sülh sazişinin imzalanması üçün yenə beynəlxalq ictimaiyyəti manipulyasiya edir ki, Azərbaycana təzyiq edilsin: “Burada söhbət sülh sazişinin razılaşdırılmayan bəndlərini bir kənara qoyub, razılaşdırılan mövcud bəndlər üzərində imzalanmasından gedir. Hansı ki, razılaşdırılmayan bəndlərdə Azərbaycanın maraqlarına uyğun olan məsələlər var. Ermənistan əvvəldən çalışır ki, bu məsələləri arxa plana keçirsin, sonraya saxlasın. Belə olan halda isə Azərbaycan təbii ki, bunu qəbul etmir. Amma Ermənistanda belə düşünürlər ki, beynəlxalq ictimaiyyəti bu məsələyə cəlb etməklə Azərbaycanı bir növ buna - sülh sazişinin razılaşdırılmış maddələr üzərində imzalanmasına sövq edəcəklər. Ermənistan hazırda yeganə dəstəkçisi kimi Avropa İttifaqına baxır. Ona görə də Fransanın timsalında Avropanın bütöv dəstəyini (həm siyasi, həm hərbi) almaq üçün Azərbaycanın Ermənistanı təhdid etdiyini göstərir, bununla bir növ Ermənistanın təhlükə altında olduğunu göstərməyə çalışır”.

 

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.