PAŞA Sığorta şirkəti PAŞA Holdinqin dəstəsyi ilə “Sənətim Gələcəyim” layihəsini davam etdirir.

Layihə çərçivəsində Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin 9 və 11ci siniflərdə tədris alan 25 nəfər arzularında olduqları sənətə yönləndirilirlər. İştirakçılar ali və peşə məktəblərinə qəbul olmaq üçün dərslərdən başqa mütəmadi olaraq psixoloqlarla, tanınmış şəxslərlərlə motivasiya məqsədli görüşlərdə, şəxsi inkişaf məqsədli təlimlərdə iştirak edir, bayramları, xüsusi günləri birlikdə qeyd edirlər. Seçilmiş şagirdlərin bir qismi ali məktəblərə qəbul olmağa, digər hissəsi isə aşbaz, avtomobil ustası, informasiya texnologiyaları üzrə mühəndis kimi peşələrə yiyələnmək üçün tədris alırlar.

Daim Korporativ Sosial Məhsuliyyət istiqamətli layihələri həyata keçirən PAŞA Sığorta şirkəti bu layihəni keçən ilin sentyabr ayında başlatmışdır.

“Sənətim Gələcəyim” layihəsini Etika Akademiyasının peşəkar müəllimləri və təlimçiləri icra edir. Akademiyanın heyəti şagirdlərə tədrislə yanaşı asudə zamanlarını səmərəli keçirtmələri üçün şərait yaradırlar. Əsas məqsəd internatda təhsil alan yüksək bilik və bacarığa malik olan məktəbliləri dəstəkləmək və onların ölkəmizin aparıcı ali təhsil ocaqlarına qəbul olmaları, həmçinin hərtərəfli inkişafı üçün lazımi şəraiti təmin etməkdir.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.