Məşhur şirkətlərin uğur sirləri daim insanların maraq dairəsində olub. Bunu necə bacarırlar? Pandemiya dövründə qazanc necə əldə olunur? və.s kimi suallara cavab axtarmağa çalışırlar. Təbii ki, böyükhəcmli sərmayələrin həlledici rolu danılmaz fakt olsa da, biznes strategiyası, kadr siyasəti də əhəmiyyətli faktorlardan sayılır. Əsaslı hədəfləri olan bu tip şirkətlər hazırda, dünyaya yayılmış “COVİD-19” pandemiyasının təsirləri ilə sözün əsl mənasında mübarizə aparır.

Əsas maliyyə gücünü toy biznesi və bu kimi sahələrdən əldə edən, mebel və məişət əşyalarının satışı ilə məşğul olan mağazalar balansı maksimum qorumağa çalışır.

Ölkədə ümumilikdə 140-a yaxın mağazası ilə (4 brend adı altında fəaliyyət göstərən mağazaları -  “Madeyra”, “İdeal dizayn”, “Embakitchen”, “Embapanel”) fəaliyyət göstərən “Embawood” hazırda pandemiyaya meydan oxuyan şirkətlərdəndir. Şirkətin PR xidmətinin rəhbəri Nigar Mehdiyavanın sözlərinə, görə tələblərə uyğun periodik yenilənən məhsul portfoliosu, kampaniyaları ilə vəziyyəti stabil saxlamağı bacarıblar:

“Tərəfimizdən kreditlə alış-veriş etmək istəyən müştərilər üçün də müəyyən güzəştlər tətbiq olundu. Məsələn problemli müştərilərin yenidən kredit şərtləri ilə məhsul əldə etməklərinə şərait yaradıldı. Fəaliyyətimizdə bəzi dəyişikliklər oldu. Məsələn, bu periodda mağazalarımızla yanaşı online platformamızın inkişafı üzərində daha çox çalışdıq.  Yolların bağlı olmasına baxmayaraq bizim logistika planımız tez bir zamanda hazırlandı, məhsulları zamanında çatdırmaq üçün intensiv fəaliyyət göstərdi.”

Ən böyük ev əşyaları satan "Novas Home” da Bakıda uğurlu satış fəaliyyəti ilə hazırda ön sıralarda yer alıb.  Şirkətin marketoloqu və PR xidmətinin rəhbəri Pərviz Əzimov məlum dövrdə qəbul etdikləri operativ qərarlardan danışıb:

"İlk karantin xəbərləri gələndə biznesin həmin dövrə uyğunlaşması üçün qərar verdik. Mağazalarımızın iş qrafikindən tutmuş, marketinq kommunikasiyasına qədər planladıq. Çox kiçik bir misal deyim. Artıq qərar çıxdı ki, çölə çıxmaq sms vasitəsi ilə olacaq. Bu o deməkdir ki, insanlar günlərinin 90 faizini evdə keçirəcək və ya mümkün qədər bağ evlərinə köçəcəklər. Hansı ki, bağ mövsümü hələ başlamayıb, ancaq bu il karantinə görə daha erkən başlayacaq. Bundan sonra biz kommunikasiya vasitələrində insanların evdə oynaya biləcəyi ev oyunlarını, evdə istifadə oluna biləcək idman alətlərini, bağ-bağça məhsullarını reklam etməyə, onlar üçün kampaniyalar keçirməyə başladıq. Mağazalarda bu məhsulları daha önə çəkdik.

2 gün ərzində evlərə çatdırılma xidmətinə başladıq. Təsəvvür edin, bu bəzən aylarla vaxt aparan prosesdir. Ancaq biz gecəmizi gündüzümüzə qataraq, onlayn sifariş və evlərə çatdırılma işinə başladıq. İnsanlar artıq gördülər ki, hər xırda şey üçün mağazaya getməyə ehtiyac yoxdur. Sifariş edəcəklər və evlərinə qədər çatdırılacaq. Satışda yeni qol olan onlayn satış inkişaf etməyə başladı. Söz yox  ki, bunun üçün ölkə olaraq müəyyən problemlərlə üz - üzəyik. Ən başılcası, ölkədə peşəkar kuryer - çatdırılma şirkətləri çox azdır.

Yolların bağlı olması səbəbilə malların ölkəyə gətirilməsində yaranan çətinliklərlə bağlı danışan Pərviz Əzimov bildirdi ki, ölkələr arasında sərnişindaşıma tam bağlı olsa da, karqo işləri aktiv vəziyyətdədir:

"Biz əvvəllər məhsul aldığımız, Çin, Türkiyə və digər tədarükçülərdən indi də məhsul alırıq, ordan məhsullarımız gəlir. Sadəcə əvvəl bizim əməkdaşlar gedirdi həmin ölkələrə, yeni məhsullarla yerində tanış olurdular, bazarı araşdırırdılar və sifariş edirdik. İndi isə gedə bilmirik, ancaq əvvəllər aldığımız məhsullardan sifariş veririk. Bir məhsulu görmədən, onu sifariş vermək də çox çətindir. Buna görə çeşid yenilənməsi prosesi biraz ləng gedir."

Məlum dövr ərzində məhsul bazasını artıran “Gipfel” şirkəti də uğurlu biznes strategiyası seçib. Qab-qacaq məhsullarının satışını həyata keçirən “Gipfel International Azerbaijan”nın direktoru Elçin Zalıyevin sözlərinə görə hazırda satış xidməti uğurla davam edir:

 “Pandemiya dövründə uğurlu satış strategiyamız oldu. Heç vaxt çatdırılma etməmişdik, çünki müştərilər brendi sevib, özləri keyfiyyətə güvənərək, gəlib, məhsul əldə edirdilər. Amma məhsullara olan təlabat və müştərilərimizin məmnunluğu üçün çatdırılma xidmətimizi aktivləşdirmişik. Çatdırılma üçün heç bir xidmət haqqı tələb olunmur.”

İQTİSADİYYAT.AZ