Bu ilin ilk altı ayı ərzində Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri neftqaz gəlirləri üstünlük təşkil etsə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu gəlirlərin cəmi gəlirlərdə payında azalma müşahidə edilib.
Bu barədə İqtisadiyyat.az-a Hesablama Palatasından bildirilib.
Hesabat dövründə icra edilmiş dövlət büdcəsi gəlirlərinin 10045,2 mln. manatını və ya 53,3%-ni qeyri neft-qaz gəlirləri, 8797,7 mln. manatını və ya 46,7%-ni isə neft-qaz gəlirləri təşkil edib.
Proqnozla müqayisədə yaranmış müsbət fərq əsasən qeyri neft-qaz gəlirləri hesabına formalaşsa da, illik müqayisədə qeydə alınmış artım daha çox neft-qaz sektoru hesabına təmin edilib.
Ötən illə müqayisədə hesabat dövründə qeyri neft-qaz gəlirlərinin cəmi gəlirlərdə payı 3,7 faiz bəndi azalaraq 53,3%-ə enib və neft-qaz gəlirlərində artım tamamilə DNF-dən transfert hesabına mümkün olub. Belə ki, neft-qaz sektorundan vergi daxilolmaları üzrə 1580,5 mln. manat azalma DNF-dən transferti üzrə 3729,5 mln. manat artım hesabına kompensasiya edilib.