Özbəkistan Rusiyanın "Qazprom" şirkəti ilə təbii qazın alınması üçün iki il müddətinə müqavilə imzalayıb, tədarüklərə oktyabrın 1-də başlanması planlaşdırılır.

İqtisadiyyat.az-ın məlumatına görə, müqavilə çərçivəsində ildə Rusiyadan Özbəkistana təqribən 2,8 mlrd. kubmetr qaz tədarük olunacaq.

Sənədləri Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov və “Qazprom”un İdarəetmə Komitəsinin sədri Aleksey Miller imzalayıblar.

Qeyd olunur ki, müqavilə tam kommersiya şərtləri əsasında hazırlanıb və Özbəkistan istehlakçılarının təbii qaza hər il artan tələbatının qismən ödənilməsinə və payız-qış mövsümünün problemsiz keçirilməsinə yönəlmiş tədbirlərdən biridir.