Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 8,6 min adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 107 adda kitabın ölkəyə idxalının və yayılmasın qarşısı alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, hesabat dövründə dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib, 423 adda (666,4 min ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Bundan əlavə hesabat dövründə nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi ilə bağlı komitəyə 7 müraciət daxil olub.

4 sənəd qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarılıb, 1 ixtisaslaşdırılmış satış məntəqəsinin yaradılması ilə əlaqədar razılıq verilməyib, 1 sənəd isə icradadır.