2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaratdığı investisiya portalında (www.invest.smb.gov.az) kapital cəlb etmək istəyən sahibkarlar həm işlək biznes, həm də ideya formasında 60 layihə yerləşdirib.

Bu barədə İqtisadiyyat.az-a KOBİA-dan bildirilib.

Məlumata görə, layihələr arasında turizm, qida sənayesi, tikinti, enerji, nəqliyyat və logistika, xidmət sahələri üzrə layihələr üstünlük təşkil edib. Onlar Bakı, Şamaxı, İsmayıllı, Oğuz, Quba, Qax, Gəncə, Qazax, Naftalan və digər şəhər və rayonları əhatə edib.

Portalda həmçinin investorlar sərmayə yatırmaq istədikləri sahələr barədə təkliflərini də yerləşdirə bilərlər. Ötən il investorlar portalda idman, reklam və maliyyə sahəsi üzrə 3 investisiya təklifi yerləşdirib.

Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər.

www.invest.smb.gov.az portalı kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Hazırda portalda işlək biznes və ideya formasında 80-dən çox layihə, 6 hazır biznesin satışına dair təklif var. Sahibkarlar, startaplar və investorlar portalda qeydiyyatdan keçib onun imkanlarından istifadə edə bilərlər. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir.