3 gün əvvəl ABŞ-ın Los-Anceles şəhərində 95-ci "Oskar" mükafatlandırma mərasimi keçirilib. Yenə keyfiyyətli ekran işləri, usta aktyorlar, rejissorlar, ssenari yazarları və digərləri mükafatlara layiq görülüblər. Azərbaycan artıq alışdığımız kimi bu il də bu mədəni tədbirdə heç kimlə və heç nə ilə təmsil olunmayıb.

İqtisadiyyat.az mövzunun aktuallığını nəzərə alaraq bir sıra kino adamları arasında qısa sorğu keçirib: Azərbaycan niyə “Oskar”a kino göndərə bilmir? Nəyimiz və ya kimimiz çatmır?

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor Tahir Tahiroviç məsələyə nikbin yanaşır və bunu problem hesab etmir:

 

 

“Hər il mediada bu sual ortaya çıxır. Biz bunu ümummilli problemə çevirməməliyik. Belə görünür ki, hələlik bu sahədə zəifik, amma ümumilikdə yaxşı filmlərimiz var. “Oskar” olmur, Tallində uduruq, Venesiyada iştirak edirik, Moskva festivalında qalib gəlirik. “Oskar” göstərici deyil, sadəcə populyardır. Mən istəyərdim ki, filmlərimiz Kanna getsin. Biz Avropa festivallarından Kannı üstün tuturuq. Ora getmək olar. “Oskar”a getmək çətindir. Çünki onların özünəməxsus istəkləri və tələbləri var. Bunu dərd etmək lazım deyil. Azərbaycan kinosuna hazırda çoxlu filmlərin çəkilməsi, dövlətin müstəqil kino şirkətlərinə dəstək verməsi, bununla da kino sektorunun inkişaf etməsi lazımdır”. 

Əməkdar artist Rasim Cəfər də düşünür ki, hədəf “Oskar” deyil, kino sektorunu inkişaf etdirmək olmalıdır:

 

 

“Oskara film göndərmək sadə və asan proses deyil. Bunun üçün ilk növbədə ölkənin kino sənayesi və kino bazarı inkişaf etməlidir. Bildiyim qədəri ilə “Oskar”a nominant olan filmlər öz ölkələrində ən azı 2-3 həftə prakatda olmalı, kinoteatrlarda nümayiş etdirilməlidir. Bundan başqa film ABŞ-də piar olunmalı, haqqında məqalələr, resenziyalar yazılmalıdır. Yəni düşünüldüyü qədər asan proses deyil. Məncə bizim hədəfimiz “Oskar”lıq film çəkmək yox, Azərbaycanın kino sənayesini, kino bazarını inkişaf etdirmək olmalıdır. Əgər bu sahə bizdə inkişaf edərsə, “Oskar” da olar, Berlin, Venesiya, Kann və digər festivallarda da təmsil olunarıq. Bizdə çox yaxşı film çəkən rejissorlar var. Hilal Baydarov, Rüfət Həsənov, Asif Rüstəmov, İlqar Nəcəf, Elçin Musaoğlu – bu insanlar öz filmləri ilə kifayət qədər nüfuzlu festivallarda iştirak ediblər. Bizdə “Oskar”a göndərilən filmlər olub, amma onlar “şort-list”ə düşməyib. Bunun üçün gərək ciddi piar işi aparılsın, reklam olunsun ki, diqqəti çəksin, ona baxsınlar və o qısa siyahıya düşsün”. 

Tanınmış aktyor, ssenari yazarı Azər Aydəmirin fikrincə, ölkədə pis-yaxşı nə çəkilirsə, gərək müsabiqəyə göndərilsin. Problem göndərməməklə bağlıdır:

 

 

“Bizdə “Oskar” komissiyası var. Rejissor film çəkir. Məsələn, “Çölçü”, “Nabat”, “Üçüncü günün adamı” və s. Göndərirlər bunu komissiyaya və deyirlər ki, “sizdən nə gedir, bunu göndərin də “Oskar”a”. Məndə olan məlumata görə, komissiya üzvləri özləri müstəqil qərar verir ki, “yox, bu ayıbdır, bunu göndərməyək”, “yox, bu olmaz, kriteriyalara uyğun gəlmir” və s. Hansı kriteriyalara? Sən Azərbaycanda oturub kinoakademiyanın kriteriyalarını bilə bilməzsən axı. Bizdən nə tələb olunur ki? İldə bir ədəd, beş ədəd pis-yaxşı film göndərmək.  Harda tutar, tutar. Bir gün mütləq tutacaq. Biz durmadan cəhd etməliyik. Bir gün ən azı nominantlar sırasında yer ala bilərik. Bizim “Oskar”da olmamağımızın səbəbini mən maliyyə problemində görmürəm. Biz sadəcə müsabiqəyə mütəmadi olaraq filmlər göndərməliyik. Mənə elə gəlir ki, ümumiyyətlə sözügedən komissiyanın fəaliyyətinə də bir daha nəzər salınmalıdır”. 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən “Oskar” komissiyası İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirib ki, komissiyanın açıqlaması hər il olduğu kimi may ayının sonu iyun ayının əvvəli olacaq. Bu il də açıqlama həmin ərəfədə olacaq”.