Bir çox hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Maliyyə və İnvestisiya" forumunda çıxışı zamanı deyib.

O bildirib ki, agentliyə daxil olan müraciətlərin və aparılan sorğuların təhlili sahibkarlıq subyektlərinin əksəriyyətinin kənar maliyyələşmə mənbəyi kimi güzəştli bank kreditlərinə üstünlük verildiyi aşkar olmuşdur. Həmçinin, beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər kimi yüksək faiz dərəcələri və sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin zəif inkişafı, xüsusilə regionlarda daşınar əmlakın girov mexanizminin məhdud tətbiqi, faktorinq və lizinq əməliyyatları həcminin və alternativ maliyyə alətlərinin çatışmazlığını qeyd etmək olar.

Orxan Məmmədov qeyd edib ki, bir çox hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir, hətta cavab verdikdə belə, kiçikhəcmli və aşağı gəlirli kreditlərin verilməsindən maliyyə institutları çəkinirlər.

Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarına görə inkişaf etməkdə olan ölkələrdə formal kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün qarşılanmamış tələb kimi 5,2 trilyon ABŞ dolları həcmində maliyyə çatışmazlığı aşkar olması problemin qlobal olduğunu göstərir. Beləliklə, KOB-ların maliyyəyə çıxışının genişləndirilməsi qlobal və milli səviyyədə prioritet kimi qəbul edilməlidir.