Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Bu ayda oruc tutan şəxslərin düzgün qidalanması zəruri məsələlərdən biridir. 

İqtisadiyyat.az-ın xəbərinə görə, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyir ki, oruc tutanlar süfrə axrasında tərəvəzli, lifli, zülallı və ətli qidalara üstünlük verməlidir. 

Onun sözlərinə görə, orucluqda keyfiyyətli və balanslı qidalanmaya üstünlük vermək lazımdır. Xüsusən də imsakda mütləq bol maye və zülallar qəbul edilməlidir. Çünki bu, insanı tox tutur:

"Ramazan ayında oruc tutan şəxsin qidalanması adi günlərdəki qidalanmadan tam fərqlənir. Orqanizmin ehtiyacı olan vitamin və mineralların balanslı şəkildə qəbulu tənzimlənməlidir. Əksər insanlar oruc tutarkən imsak vaxtı yeməyi qaçırırlar. Bu zaman gün ərzində susuzluq və aclıq özünü enerji itkisi, yorğunluq kimi əlamətlərlə göstərir". 

J.İbrahimova tövsiyə edir ki, imsak vaxtı kəpəkli çörəyin qəbuluna üstünlük versinlər. Çünki bu, insanı tox saxlamağa köməklik edir:

"Bundan başqa, imsakda soyutma yumurta, südlü sıyıq, duzsuz pendir, kəsmik, bal və qaymaqdan istifadə oluna bilər. İftarı isə 1-2 stəkan ilıq su və 2-3 xurma ilə açmaq lazımdır. Bundan 15-20 dəqiqə sonra yeməyi mayeli qidalar və şorba ilə davam etmək olar. Şorbadan 1 saat sonra əsas yemək qəbul edilməlidir. Əsas yeməkdə tərəvəzli, lifli, zülallı, ətli qidalara üstünlük verilməlidir. Qidalar mümkün qədər duzlu və ədviyyatlı olmamalıdır. Eyni zamanda bir çeşidli yemək qəbuluna üstünlük verilməlidir".

Terapevtin sözlərinə görə, iftardan 1-2 saat sonra bir saatlıq yürüş etmək və idmanla məşğul olmaq lazımdır. Bu, metabolizmin sürətlənməsinə və həzmin yaxşı getməsinə imkan yaradır. Eyni zamanda iftardan imsaka qədər fasilələrlə su, o cümlədən razyana, çobanyastığı kimi bitki çaylarının qəbulu məsləhətdir. Yatmazdan 2 saat öncə qida qəbulu dayandırılmalı və yuxu rejiminə mütləq riayət olunmalıdır. 

Gülşən Şərif