"OPEC+" ölkələri bu ilin sentyabrında neft hasilatını sutkada 130 min barel azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatında qeyd olunub.

Məlumata görə, könüllü azalmalar nəzərə alınmaqla, saziş çərçivəsində "OPEC+" ölkələri tərəfindən hasilatın hədəf səviyyəsi sentyabr ayı üçün 33,7 milyon barel, faktiki hasilat isə 34,43 milyon barel olub. Beləliklə, "OPEC+" ölkələri sentyabrda neft hasilatı planını sutkada 720 min barel üstələyib.

Qeyd edilib ki, İraq (360 min barel), BƏƏ (350 min barel), Rusiya (140 min barel) və Qazaxıstan (100 min barel) hasilat öhdəliklərini ən çox üstələyən ölkələr olub.

Xatırladaq ki, bu ilin birinci rübündən etibarən Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz "OPEC+" ölkəsi könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaldır.

 

Gözəl Həşimova