Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ötən ay neft hasilatı iyun ayı ilə müqayisədə gündəlik 836 min barel azalaraq 27 milyon 310 min barelə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq neft bazarı hesabatında qeyd olunub.

Hesabata görə, hasilatın ən böyük azalması Səudiyyə Ərəbistanı, Liviya və Nigeriyada müşahidə olunub. Qrupun ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 968 min barel, Liviyada 52 min barel, Nigeriyada isə 40 min barel azalıb. Bu dövrdə OPEC-in xam neft hasilatının dünya üzrə ümumi hasilatdakı payı 27,1% azalıb.

Qlobal neft hasilatı isə ötən ay gündəlik 200 min barel azalaraq təxminən 100 milyon 700 min barelə enib. Sözügedən dövrdə OPEC-ə daxil olmayan ölkələrin hasilatı gündəlik 73,4 milyon barel olub. Eyni zamanda, dünyada neft qazma qurğularının sayı ötən ay 5 ədəd artaraq 1889-a çatıb.

 

Gözəl Həşimova