Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub.

İqtisadiyyat.az xəbər verir ki, qərarda Azərbaycan üçün də gündəlik neft hasilatı müəyyən edilib.


Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC plus” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib. Ümumilikdə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq. Sual yaranır ki, Azərbaycan üçün gündəlik neft hasilatının bu səviyyədə müəyyən edilməsinin təsirləri necə olacaq?


Ekspert Xakid Kərimli hesab edir ki, mövcud təyin edilmiş kvotalar Azərbaycan üçün problem yaratmayacaq.

 


“May ayının statistikasına baxsaq, Azərbaycan günlük 512 min barel neft istehsal edir. Bu da o deməkdir ki, hasilat OPEC+un müəyyənləşdirdiyi kvotadan da aşağıdır. Bu nə Azərbaycanın planlaşdırılmış hasilatına təsir edəcək, nə də digər istiqamətlərdə azalmalara təsir göstərəcək. Kvotalar Azərbaycanın hasilat siyasətinə uyğundur”.


Xatırladaq ki, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən olunan qərar 1 yanvar 2024-cü ildən 31 dekabr 2024-cü ilə qədər qüvvədə olacaq. OPEC və OPEC+ növbəti iclasını noyabrın 26-na təyin edib.