“Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarından 12 nəfər Moldovadan keçməklə yenidən bu ölkəyə qayıdıb”.

Bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Səfir bildirib ki, Ukraynaya qayıdanlar Şəmkir, İmişli, Sumqayıt, Ağcabədi və Cəlilabad sakinləridir:

“Əməkdaşlarımız onlar üçün xüsusi sənədlər hazırlayıblar. Həmin şəxslər XİN “qaynar xətt”inə müraciət ediblər. Oradan bizimlə əlaqələndiriliblər. Onların yenidən Ukraynaya qayıtmasının səbəbi yaşadıqları ərazidə atəşkəsin bərpa olunmasıdır. Soydaşlarımızın təhlükəsiz qayıdışı üçün Moldova və Ukrayna tərəfi ilə danışıqlar aparılıb.

Şəmkirdən olan ailənin üç körpə uşağı Odessada nənələrinin yanında qalmışdı. Onlar bilet alıb Kişineuya gəldilər. Onları Moldova sərhədindən qəbul etdik və Ukraynaya yola saldıq”. 

Qüdsi Osmanov onu da deyib ki, hazırda Moldovada müvəqqəti olaraq kilsədə yerləşən daha 50 azərbaycanlı Ukraynaya geri qayıtmağa hazırlaşır:

“23 nəfəri Moldovadan Almaniyaya yola salmışıq. Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımızın təxliyəsi davam edir. Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin həyat yoldaşı, qızı və ailənin iki pişiyi bu gün Kişineudan Azərbaycana yola salınacaqlar”.