Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirəcəklər.

Bu, Prezident İlham Əliyevin noyabrın 18-də Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun imzalanması ilə mümkün olub.

Dəyişikliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar.

Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısamüddətli görüşlə əvəz ediləcək.

Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.