Maliyyə bazarlarında müşahidə olunan hərəkətləri təsvir etmək üçün bəzi ifadələrdən istifadə edilir. Bunlardan biri də “ölü pişik sıçrayışı (dead cat bounce)” adlı anlayışdır. Bu ifadə, ölü bir pişiyin hündürlükdən yıxıldıqdan sonra yerə dəyən zaman sıçraması səbəbindən onun diri hesab edilməsi fikrini təsvir etmək üçün hazırlanmışdır. Termin 19-cu əsrin sonlarında Böyük Britaniyada maliyyə böhranı dövründə ortaya çıxmışdır. 1985-ci ildə isə, “Financial Times” jurnalistləri Horace Brag və Wong Sulong bundan Malayziya və Sinqapur fond bazarlarının güclü enişindən sonra bərpasını təsvir etmək üçün istifadə etmişdilər. Hər iki ölkənin iqtisadiyyatı tənəzzülə davam etmiş və xeyli müddət sonra bərpa olunmuşdur.
Birjalarda dəyəri sürətlə aşağı düşən qiymətlər enişdən sonra yüksəliş göstərə bilər. Bu azalma bir neçə səbəbdən qaynaqlanır:
- Bazarlarda müvəqqəti canlanma. Kiçik koreksiyalar şəklində olan canlanmalar səhmlərin, indekslərin və valyutaların dəyərini artırmış ola bilər. Müvəqqəti bərpa keçdikdən sonra isə qiymətlər yenidən azalmağa başlayır. Yəni eniş meylləri qiymətlərin yüksəldiyi qısamüddətli bərpa dövrləri ilə dayanır.
- Qiymətlərin azalması həm də spekulyasiyalara görə ola bilər. İri investorlar dəyər itirən alətləri almağa və dəyərini süni şəkildə artırmağa çalışırlar. Bunu görən kiçik investorlar da bu maliyyə alətlərini almağa başlayırlar. Ancaq sonradan böyük investorlar aldıqlarını kütləvi şəkildə yenidən satıb qazanc əldə edərkən, kiçik investorlar ciddi itkilərlə üzləşirlər. Bu baxımdan qiymətlər də sürətlə aşağı düşmüş olur.
Qısacası, “ölü pişik sıçrayışı (dead cat bounce)” termini, ölmüş bir pişiyin belə kifayət qədər yuxarıdan sürətlə yıxıldığı təqdirdə yeniden yuxarıya sıçrayacağı fikrinə əsaslanır. Buna nümünə aşağıdaki şəkildə göstərilə bilər:
Şəkildən göründüyü kimi qiymətin umumi istiqaməti aşağıya doğrudur. Lakin bir neçə yerdə qiymət tədricən yuxarıya doğru meyl edir, sonradan isə aşağı doğru istiqamətini davam etdirir. Məhz bu çəkilmələr “ölü pişik sıçrayışı (dead cat bounce)” adlanır.
Təəssüf ki, əksər investorlar üçün müəyyən bir bazarda bu forma ilə əsl ralli arasında fərq qoymaq çox çətindir. Buna görə də belə bir forma müşahidə edilən zaman diqqətli olmaq lazımdır. Düşən bir bazarda ehtiyatsız şəkildə alış əməliyyatları etmək olduqca təhlükəlidir.
Bu bazar anlayışının əsas xüsusiyyətlərini aşağıdaki kimi sıralaya bilərik:
- Ölü pişik sıçrayışı dəqiq proqnozlaşdırıla bilməz və uzunluğu qeyri-müəyyəndir. Bir neçə gündən bir neçə aya qədər davam etməsi mümkündür.
- Bu vəziyyət ana eniş trend tendensiyası zamanı müsbət bazar əhval-ruhiyyəsinin qısa bir dövrünü təmsil edir və getdikcə daha dərin enişlərlə müşahidə olunur
- Ortaya çıxan dəyişiklik hər zaman mənfi hesab edilmir və bunu gözləyən bazar iştirakçıları üçün qazanc əldə etmək baxımından fürsətlər ortaya çıxır.
Yekun olaraq deyə bilərik ki, bir maliyyə aktivində müşahidə olunan bu nümunə onun uzunmüddətli perspektivdə investisiya üçün yararlı hesab edilmədiyini göstərir. Bununla belə, eniş bazarlarında bütün düzəldici (korrektiv) hərəkətlər bu cür təsnif edilə bilməz. Qiymət davamlı eniş trendində olmadıqda və qısa geriləmələrdən sonra əvvəlki minimumundan da aşağı düşmədikcə, bu, ölü pişik sıçrayışı hesab edilmir.
Eltun İbrahimov
İqtisad üzrə fəlsəfə doktoru, NDU-nun dosenti
Material xüsusi olaraq İqtisadiyyat.az üçün hazırlanıb.