Dünyada geniş yayılan koronavirusla mübarizə çərçivəsində Azərbaycanda kütləvi tədbirlərin ləğvinə başlanıb. Xüsusi bir qadağa olmasa da, bəzi şadlıq evlərində toy rezervasiyalarının tarixində də dəyişiklik edilib. Hətta rezervasiyanı ləğv elətdirənlər də var. Eyni zamanda ölkəmizdə bir sıra digər kütləvi tədbirlər də təxirə salınır və ya ləğv edilir.
Dünyada geniş yayılan koronavirus xəstəliyi Azərbaycanın toy bazarına da təsir edib. Ümumdünya Səhiyyə Təşkilatının kütləvi tədbirlərin təxirə salınması ilə bağlı çağırışından sonra bəzi toy sahibləri rezervasiyanın tarixini dəyişib və ya ümumiyyətlə ləğv elətdirib. Buna səbəb qonaqların toya gəlməməsi ehtimalının da olduğu bildirilir.
Dünyanın əksər ölkələrində olduğu kimi ölkəmizdə də bir sıra kütləvi tədbirlər ləğv edilir. Təşkilatçıların sözlərinə görə, son zamanlar kütləvi açılış tədbirləri, eyni zamanda konsert proqramları elə müştərilərin də istəyi ilə təxirə salınır.
Marketoloq Sabit Məmmədovun sözlərinə görə, cəmiyyət məlumatlı olduğundan təcrübə göstərir ki, dəvətlilər də bu günlərdə belə tədbirlərdə iştirak etməyə çəkinirlər.
Eyni zamanda Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu sinif buraxılış imtahanları təxirə salınıb. İmtahanın keçiriləcəyi vaxtla bağlı əvvəlcədən məlumat veriləcək. Bundan başqa, AFFA-nın təşkilatçılığı ilə müxtəlif liqalar üzrə keçirilən oyunlar da martın 10-dək təxirə salınıb.