Ötən il Azərbaycanda 12 milyard 210 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 3 % çoxdur.

Son bir ildə bitkiçilik məhsullarının dəyəri 2,7 % artaraq 5 milyard 933 milyon manat təşkil edib, heyvandarlıq məhsullarının dəyəri 3,2 % artaraq 6 milyard 276 milyon manat olub.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatıb. 2023-cü ildə qarğıdalı da daxil olmaqla 948,3 min hektar sahədən, hər hektardan orta hesabla 33 sentner olmaqla, ilkin çəkidə 3 milyon 248,6 min ton dənli və dənli paxlalı bitkilər toplanılıb. 2022-ci illə müqayisədə 2,8 % çox məhsul götürülüb.

Ötən ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 1 milyon 833,8 min tonunu və yaxud 56,4 %-ini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 33,8 sentner olub. Bundan əlavə, 1 milyon 010,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 % az kartof, 1 milyon 825,6 min ton (0,1 % çox) tərəvəz, 438,2 min ton (6,6 % az) bostan məhsulları, 1 milyon 261,3 min ton (0,7 % çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 % çox) üzüm, 1,1 min ton (12,3 % çox) yaşıl çay yarpağı, 29,3 min ton (0,2 % az) günəbaxan, 219,8 min ton (1,3 % az) şəkər çuğunduru, 6,3 min ton (24,9 % çox) tütün və 276,1 min ton (14,4 % az) pambıq yığılıb.

2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 647,7 min ton ət, 2 milyon 284 min ton süd, 2 milyon 188,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub. 2022-ci illə müqayisədə ət istehsalı 3,1 %, süd istehsalı 0,9 %, yumurta istehsalı 8,4 %, barama istehsalı 4,6 % artıb, yun istehsalı isə 3,9 % azalıb.