Mütəmadi olaraq sosial şəbəkə istifadəçilərinə məxsus səhifələrin oğurlanması hallarına rast gəlinir. Bəzi hallarda oğurlanan səhifələr silinir və ya deaktiv olunur, yaxud da bu səhifələr müəyyən məqsədlərlə istifadə olunmağa başlayır. Burada sual doğuran məqam isə həmin səhifələri bərpa etməyin mümkün olub-olmamasıdır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov İqtisadiyyat.az-a deyib ki, sosial şəbəkə hesablarının kütləvi şəkildə oğurlanması fərqli məqsədlər daşıyır.
Onun sözlərinə görə, bunlardan bəziləri şəxsi qərəzlik müstəvisi daşısa da, bir çox halda çox izləyicisi olan səhifələri oğurlayıb kriptovalyuta və yaxud da saxta valyuta satmaq üçün istifadə edirlər.
Ekspert bildirir ki, böyük auditoriyaya malik səhifələr oğurlandıqdan sonra orada müxtəlif reklam məzmunlu paylaşımların, eləcə də kriptovalyuta satışlarının həyata keçirildiyi müşahidə olunur.
Sosial şəbəkə hesablarının qorunmasından danışan eskpert bunun qarşısının alınması üçün ikili identifikasiyanın aktivləşdirilməsi tövsiyə edib. Onun sözlərinə görə, ikili identifikasiyanın aktivləşdirilməsi səhifələrin oğurlanmasının qarşısını 90% hallarda alır: "İkili identifikasiya quraşdırıldıqda cihaza kod gəlir. Həmin kodlar vasitəsilə bir neçə təsdiqdən sonra səhifəyə giriş etmək mümkün olur".
Oğurlanan səhifələr bərpa edilə bilərmi?
E.Abbasov bildirib ki, oğurlanan böyük səhifələr bərpa oluna bilər. Bunun üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edərək oğurlanan səhifələrin bərpası üçün cəhd etmək mümkündür.
Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən isə bildirilib ki, sosial şəbəkələrdə istifadəçilərin fəaliyyəti, eləcə də sosial şəbəkə ilə istifadəçilər arasındakı münasibətlər sosial şəbəkə inzibatçıları tərəfindən müəyyənləşdirilmiş qayda və şərtlərlə tənzimlənir:
"Sosial şəbəkələr istifadəçilərə öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif imkanlar təqdim edir. Elektron Təhlükəsizlik Xidməti olaraq istifadəçilərə sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün mürəkkəb və unikal şifrələrdən istifadə etməyi və ikimərhələli tanıma funksiyasını aktivləşdirməyi tövsiyə edirik. Həmçinin etibarlılığından əmin olmadığınız üçüncü tərəf proqramlar və tətbiqlər vasitəsilə sosial şəbəkə hesablarına giriş məlumatlarını daxil etməmək, hesaba daxil olan cihazları nəzərdən keçirmək tövsiyə edilir. Hesabla əlaqədar elektron poçta gələn məktublara qarşı diqqətli olmaq vacibdir. Belə ki, şübhəli mənbələrdən göndərilən elektron poçt məktublarındakı keçidlərə daxil olaraq öz hesab məlumatlarını daxil etməmək lazımdır. Bu istiqamətdə ən vacib maarifləndirmə tədbirlərinin görülməsidir. ETX kiberdələduzluq halları ilə bağlı mütəmadi olaraq öz rəsmi informasiya ehtiyatı və sosial şəbəkə hesabları vasitəsilə maarifləndirmə işləri həyata keçirir".
Qeyd edək ki, ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi instaqram hesabı oğurlanıb. Müğənninin profil fotosu və səhifənin məlumat bölməsi dəyişdirilib, bütün paylaşımları silinib.
Sadiq Cavadov