2022-ci il 1 yanvar tarixindən etibarən özəl sektorda işəgötürən və işçilərin aylıq əməkhaqqısının 2 faizi həcmində icbari tibbi sığorta haqqı tutulacaq.

Növbəti ildən icbari tibbi sığorta haqqının artırılacağı ilə bağlı artıq məlumatlara rast gəlmək mümkündür. Lakin, nəzərə almaq lazımdır ki, 2021-ci il ərzində ölkədə icbari tibbi sığorta tətbiq edilməyə başlanılandan dövlət sektoru üzrə icbari tibbi sığorta haqqı onsuz da əməkhaqqının 2 faizi həcmində idi.

2022-ci ildən etibarən isə 50 faizlik artım yalnız özəl, həmçinin qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsinə tətbiq edilməyə başlanılacaq. İcbari tibbi sığorta haqqı 2 faizdən hesablanan tərəfləri isə heç bir artım gözləmir.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-a bildirilib ki, “Tibbi sığorta haqqında” qanuna əsasən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə tətbiq edilən 50 faiz güzəşt 2022-ci il yanvarın 1-dək keçərlidir.

Hazırda qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur.

2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Hazırda müvafiq sektorlar üzrə icbari sığorta haqqı necə hesablanır?

İşəgötürən tərəfindən:

Tutaq ki, işəgötürən işçiyə aylıq 700 manat əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 1 faizi, aylıq 7 manat (700 x 1 faiz = 7) icbari tibbi sığorta haqqı ödəyir.

Əgər, işəgötürən işçiyə aylıq 8500 manat əməkhaqqı müəyyən edibsə bu halda 8000 manatın 1 faizi, yəni 80 manat (8000 x 1 faiz = 80), qalan 500 manatın isə 0,5 faizi, yəni 2,5 manat (500 • 0,5 faiz = 2,5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 82,5 manat icbari tibbi sığorta haqqı ödəyir.

İşçi tərəfindən:

Tutaq ki, işçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700 manatdır. Bu halda onun əməkhaqqından 1 faiz, yəni aylıq 7 manat (700 x 1 faiz = 7) icbari tibbi sığorta haqqı tutulur.

Əgər, işçinin aylıq əməkhaqqı 8500 manatdırsa bu zaman 8000 manatın 1 faizi, yəni 80 manat (8000 x 1 faiz = 80), qalan 500 manatın isə 0,5 faizi, yəni 2,5 manat (500 x 0,5 faiz = 2,5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 82,5 manat icbari tibbi sığorta haqqı tutulur.

Növbəti ildən icbari sığorta haqqı müvafiq sektorlar üzrə necə hesablanacaq?

Növbəti ilin yəni, 2022-ci ilin yanvar ayının 1-dən isə hesablanma qaydası dəyişəcək və aşağıdakı qaydada olacaq.

İşəgötürən tərəfindən:

Misal üçün işəgötürən işçiyə aylıq 700 manat əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2 faizi, aylıq 14 manat (700 x 2 faiz = 14) icbari tibbi sığorta haqqı ödəyəcək.

Əgər, işəgötürən işçiyə aylıq 8500 manat əməkhaqqı müəyyən edilibsə bu halda 8000 manatın 2 faizi, yəni 160 manat (8000 x 2 faiz = 160), qalan 500 manatın isə 0,5 faizi, yəni 2,5 manat (500 x 0,5 faiz = 2,5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 162,5 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

İşçi tərəfindən:

Tutaq ki, işçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700 manatdır. Bu halda onun əməkhaqqından 2 faiz, yəni aylıq 14 manat (700 x 2 faiz = 14) icbari tibbi sığorta haqqı tutulacaq.

Əgər, işçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500 manatdırsa bu zaman 8000 manatın 2 faizi, yəni 160 manat (8000 x 2 faiz = 160), qalan 500 manatın isə 0,5 faizi, yəni 2,5 manat (500 x 0,5 faiz = 2,5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 162,5 manat icbari tibbi sığorta haqqı tutulacaq.