Ölkə başçısının iştirakı ilə Bakı şəhəri üzrə Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayış kompleksinin açılışı oldu. Bakı üzrə mənzil növbəsində olan şəxslərin mənzillə təmin olunması prosesinə başlanıldı.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib.

O bildirib ki, aprel ayında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin iştirakı ilə Ümid və Qaradağ qəsəbələrində inşa edilən yaşayış komplekslərinin açılışı olub:

“Bu iki yaşayış kompleksində imtiyazlı şəxslərin mənzil təminatı həyata keçirilir. Bu günə qədər 260-a yaxın şəxs mənzillə təmin edilib. Növbəti həftədə də mənzillərin verilməsi prosesi təmin ediləcək. Bakının rayonları üzrə qeyd olunan yaşayış məntəqələrinə yaxın qeydiyyatda olan şəxslər mənzillərlə təmin olunur. Yaxın zamanlarda isə digər yaşayış kompleksinin açılışı olacaq və o əraziyə yaxın yerlərdə qeydiyyatda olan imtiyazlı şəxlərin mənzillə təmin olunması həyata keçiriləcək.

Demək olar ki, hər həftə tədbirlərimiz olur. İlk olaraq Bakı üzrə proseslərə start verilib. Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri nazirliyə təqdim edilib və mənzillərin təqdim edilməsi prosesləri davam etdirilir”.