“Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”.

“Report” xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Bakı Dövlət Universitetində “Elm günü” ilə əlaqədar “Azərbaycan təbiətini qoruyaq” mövzusunda keçirilən elmi seminarda deyib.

O bildirib ki, insan təbiətin bir hissəsidir və özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır:

“Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. 30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkirlər. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, - deyə alim xəbərdarlıq edib.

Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Z.Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb.

O bildirib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir: “Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey bizim özümüzdən asılıdır”.

Qeyd edək ki, martın 16-dan etibarən Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi artıb.

Bu barədə “Report”un Muğan bürosuna rayon sakinləri məlumat veriblər.

Sakinlər bildiriblər ki, onlar bir müddət əvvəl Kürün rayon ərazisindən keçən hissəsində çayın suyunun tamamilə quruduğunun şahidi olublar: “Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayın suyu tamamilə qurumuşdu. Bu, rayon ərazisində su böhranı yaratmışdı. Martın 16-dan başlayaraq çayın qurumuş hissəsində suyun səviyyəsi 20-25 santimetrə qədər artıb”.

Kürün Salyan hissəsində suyun səviyyəsinin artması ilə bağlı məsələyə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev aydınlıq gətirib.

Rəis müavini bildirib ki, bunun əsas səbəbi Mingəçevir su anbarıdır:

“Düzdür, son günlər ölkə ərazisində yağan intensiv yağışlar da suyun səviyyəsinin artmasına səbəb olur. Lakin həmin ərazidə suyun səviyyəsinin qalxması anbardan buraxılan suyun həcminin 95 kubmetr/saniyəyə çatdırılması ilə əlaqədardır”.