Bu gün səhər saatlarında Bakı Neft Emalı Zavodunda kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, zəhərlənmə Bakı Neft Emalı Zavodunun nəzdində fəaliyyət göstərən 5 nömrəli istehsalatın 54 nömrəli qurğusunda qaz sızmasından baş verib. Hadisə nəticəsində "İlk İnşaat"ın 4 əməkdaşı zəhərlənib. Onlar xəstəxanaya çatdırılıb. Digər işçilər isə ərazidən təxliyə ediliblər.

*** 15:10

Bu gün səhər saatlarında Bakı Neft Emalı Zavodunda kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayılıb.

Xəbərlə bağlı rəsmi təsdiq olmasa da, İqtisadiyyat.az zəhərləndiyi iddia olunan şəxslərin aparıldığı klinika ilə əlaqə saxlayaraq ilkin təsdiq əldə edib. TƏBİB-ə sorğu göndərsək də, rəsmi cavab almamışıq.

İddia ilə bağlı “Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı”nın sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı ilə əlaqə saxladıq. M.Qəhrəmanlı ona verilən məlumatlar əsasında faktı təsdiq edib və hadisənin detalları barədə dəqiqləşdirmələr apardığını bildirib: “İlkin versiyaya görə, hadisə Bakı Neft Emalı zavodunun nəzdində fəaliyyət göstərən sexlərdən birində baş verib. Ehtimal ki, neft emalı zamanı kanalizasiyaya buraxılan atqılarda zərərli maddənin miqdarı normadan çox olub. Və yenə ilkin məlumata görə, ərazidə bu işi görən podratçı şirkətin 3 əməkdaşı zəhərlənib. Onlar xəstəxanaya çatdırılıb və həyatlarına təhlükə yoxdur. Bəzi iddialara görə, zavodun öz işçiləri arasında da zəhərlənənlər var. Amma bu təsdiqini tapmamış məlumatdır. Dəqiqləşdirmələr aparırıq”.

 

 

***12:46

Bakı Neft Emalı Zavodunda işçilərin zəhərlənməsi ilə bağlı xəbər yayılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, halı pisləşənlər Bakıdakı özəl klinikalardan birinə gətirilib. Məlumatı dəqiqləşdirmək üçün sözügedən xəstəxana ilə əlaqə saxladıq. Əməkdaşlar məlumatı dolayısı ilə təsdiqlədilər. Faktla bağlı TƏBİB-ə sorğu göndərmişik. Məlumat yenilənəcək.