Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN: 1701463051 ləğv prosesinə başlanıldığını elan edib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, MMC ləğvi ilə bağlı kreditorlarına müraciət ünvanlayıb.
Kreditorlar iki ay ərzində tələblərini Cəmiyyətin ləğvetmə komissiyasına bildirə bilərlər.
Qeyd edək ki, bu ilin avqust ayında Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-nin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 1 fevral 2013-cü il tarixli fərmanında dəyişiklik edib.
Fərmana əsasən, “Azalternativenerji”nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşma aparılmaqla ləğv edilməsi prosesi başa çatdıqdan sonra, qalan əmlak özəlləşdirməyə açıq elan ediləcək. Bunun üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, dövlət başçısının 10 avqust 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq İqtisadiyyat Nazirliyi qəbul edəcək. Özəlləşdirmədə yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə veriləcək.
Xatırladaq ki, "Azalternativenerji" MMC 19.03.2013-cü ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 51 483 276 manatdır. Qanuni təmsilçisi Madar Quliyev Arif oğludur.