"Azərbaycanın işğaldan azad edilən ərazilərində mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq səylərin artırılması vacibdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşdə deyib.

Nazir 2022-ci ilin Azərbaycan-BMT üzvlüyünün 30-cu ildonümü baxımından rəmzi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu xüsusda istər Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, istərsə də Bakıda təşkil edilmiş mühüm təşəbbüslərdən söz açıb və BMT-nin fəal üzvlərindən biri kimi Azərbaycanın bir sıra istiqamətlərdə, xüsusilə də beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, davamlı inkişaf və humanitar sahələrdə geniş töhfələr verdiyi xatırlanıb.

C.Bayramov qarşı tərəfə bölgədə mövcud cari vəziyyət, o cümlədən Ermənistanın genişmiqyaslı təxribatları, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Bu xüsusda, nazir sülh gündəliyi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesindən bəhs edərək ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının və təcrübə mübadiləsinin vacibliyindən bəhs edib.

T.Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq ifadə edib və bu gün BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş və Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirən fotosərginin əhəmiyyətindən bəhs edib. İlk dəfə Azərbaycanda həyata keçirilən layihənin hədəfinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək və onların reallaşmasına töhfə vermək olduğunu bildirib. Görüşdə T.Valovaya, eyni zamanda sülh prosesi üzrə səyləri yüksək qiymətləndirib.

Görüşdə tərəflər, həmçinin BMT gündəliyinin müxtəlif aspektləri və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb.