Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Tarif Şurası sudan istifadə haqqını (tarifləri) 2 ay müddətində müəyyən edəcək.

Qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək.

Beynəlxalq təcrübədə də su resurslarından və təbii su mənbələrindən istifadə pulludur, yəni Nazirlər Kabinetinin qərarı beynəlxalq təcrübəyə söykənir.  

Sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.

İstifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi yenə də ödənişsiz olacaq.

Bu qərar ümumilikdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində islahatların tərkib hissəsidir.

Nəzərə almaq lazımdır ki, ölkədə şirin su ehtiyatları onsuz da azdır, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların da xeyli azalması vəziyyəti daha çətinləşdirib.

İqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın artması su ehtiyatlarının qənaətlə istifadəsini labüd edir.

Buna görə də, sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına xidmət edir.

Bununla da suların mühafizəsi yaxşılaşdırılacaq, suyun dəqiq uçotunun aparılacaq və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyəti təmin ediləcək.