"Bu yeni mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolunu "yaşıl elektrik enerjisi" və "yaşıl qaz"lar hesabına gücləndirən daha bir dəhlizin - "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsi Avrasiyada enerji əlaqələrinin yeni konfiqurasiyasını formalaşdırır".
İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, bu dəhlizin əsas resurs mənbəyi Xəzərin nəhəng külək enerjisi potensialıdır: "Bu potensialın işlənilməsi üçün "Masdar" şirkəti ilə 6 QVt, Fortescue Future Industries (FFI) şirkəti ilə 10 QVt, "ACWA Power" şirkəti ilə 1,5 QVt həcmlərində külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Hazırda dənizdə müvafiq ərazilərdə Finlandiyanın "Vaisala" şirkəti tərəfindən külək potensialının ölçülməsi işləri aparılır".
"Avropaya ilkin mərhələdə 4 QVt "yaşıl enerji" tədarük edəcək, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın qoşulacağı bu iddialı layihənin texniki-iqtisadi əsaslandırmasının ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Dəhlizin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatı COP29 çərçivəsində keçiriləcək "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti"ndə təqdim ediləcək. "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalandığı 2022-ci ilin dekabr ayından etibarən layihə üzrə Nazirlər/Rəhbər Komitənin 8 iclası keçirilib. Bu ilin sentyabrında qərargahı Buxarestdə olan Birgə Müəssisə yaradıldı. Dəhlizin reallaşdırılması ilə bağlı proseslərə gələn ildən başlanması planlaşdırılır. Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Bu, Avropanı həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq vacib layihədir", - nazir qeyd edib.