“Pandemiya dövründə sahibkarlara göstərilən dəstək dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir. Bu tədbirlər sahibkarların iqtisadi fəallığının bərpası və artmasına, iqtisadi inkişafın sürətlənməsinə imkan verib. Bu, regionda ÜDM-ə nisbətdə ən böyük dəstək paketi idi”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözünə görə, pandemiya dövründə maliyyə dəstəyi almış sahibkarların sayı 132 mindən çox, ümumi ödənilmiş maliyyə vəsaitinin həcmi isə 364 milyon manata yaxın olub:

“Sahibkarlara həcmi 115 milyon manatdan çox olan vergi güzəşti paketi təqdim edilib. Bununla yanaşı, pandemiyanın təsirlərindən zərər çəkən sahibkarlar üçün dəyəri 1,5 milyard manat olan kredit-zəmanət və mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərini xüsusilə qeyd etmək lazımdır. Sahibkarların işinin sadələşdirilməsi, onlara dəstək mexanizminin artırılması dövlət əmlakının icarəyə verilməsi sahəsində də həyata keçirilib”.

Cabbarov onu da qeyd edib ki, hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləridir: “Biznes mühitinin yaxşılaşdırılması üçün davamlı islahatların nəticəsi beynəlxalq hesabatlarda qeyd olunur.

Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik İndeksi" hesabatında ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yer alıb, həmçinin Cənubi Qafqaz regionunda birinci olub. Bu hesabatda "biznesin dinamikliyi" üzrə Azərbaycan 8 pillə irəliləyərək dünya sıralamasında 23-cü yerdə qərarlaşıb ki, bununla ölkəmizin biznes mühitinin inkişafı istiqamətində apardığı intensiv islahatlar bir daha təsdiqini tapir”.