Azərbaycan hökuməti iqlimə uyğun aqro-ərzaq sistemlərinin inkişafına böyük sərmayələr yatırır.

İqtisadiyyat.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı Romada keçirilən 43-cü sessiyasında bildirib.

O qeyd edib ki, investisiyaların əsas hissəsi rəqəmsal və "ağıllı" kənd təsərrüfatının transformasiyasına yönəlib: “Fermerlərin müasir suvarma sistemlərindən istifadəsini dövlət subsidiyalaşdırır, torpaq kanalların beton kanallarla əvəzlənməsi, yeraltı su xətlərinin çəkilməsi, damcı suvarma və Pivot suvarmanın təşviqi səmərəli su idarəçiliyi siyasətimizin əsas prioritetlərini təşkil edir”. FAO-nun torpaq-su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində təşəbbüslərinin dəstəkləndiyini vurğulayan nazir Azərbaycanın bu təşəbbüslərə həvəslə qoşulduğunu, bu cür çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığa hazır olduğunu deyib.

Nazir bildirib ki, planetdə torpaq-su resurslarının davamlı təzyiqə qalmasının əsas səbəbi kənd təsərrüfatı fəaliyyətidir: "Bütün dünyada olduğu kimi Azərbaycanda da su ehtiyatlarının məhdudluğu, su itkisi, fermerlərin sudan səmərəli istifadə etməməsi aqrar fəaliyyətdə çətinliklər yaradır".

Ölkənin su ehtiyatlarının böyük bir hissəsinin Azərbaycandan kənarda formalaşdığını deyən nazir məhdud su ehtiyatlarından daha səmərəli istifadə etməyin vacibliyini önə çəkib.

M.Məmmədov FAO-nun 43-cü sessiyası çərçivəsində qurumun yenidən sədri seçilmiş Qu Donqyu ilə də görüşüb. Nazir ölkəmizin FAO ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb, bu əməkdaşlığın BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına öz töhfəsini verdiyini bildirib. Görüşdə Azərbaycan-FAO əlaqələrinin daha da genişləndirilməsi, FAO-nun rəqəmsal kənd təsərrüfatı, effektiv su idarəçiliyi təşəbbüslərinə dəstək məsələləri müzakirə olunub.

Nazir həmçinin İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Ari Ditçerlə görüşüb. Tərəflər Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərinə toxunub, İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.