Bildiyimiz kimi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 5 iyun 2023-cü il tarixində sərəncam imzalanıb.
Proqramın qəbul edilməsinə qədər Naxçıvan iqtisadi rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət proqramları 2004-cü ildən qəbul olunmağa başlamışdır. Buna paralel olaraq muxtar respublikada da qəbul edilən proqramlar xüsusi əhəmiyyətə malik olmuşdur. Proqramlarda nəzərdə tutulan işlərin icrası iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Naxçıvan Muxtar Respublikası inkişafda olan çoxsahəli sənaye və aqrarsənaye respublikasıdır. Sənayedə əsas yeri yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı tutur. İqtisadi rayon kənd təsərrüfatı, əsasən taxılçılıq, heyvandarlıq, əkinçilik və bağçılıq sahəsində ixtisaslaşmışdır. Muxtar respublikada artıq torpaq islahatı başa çatdırılmış, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Muxtar respublikanın iqtisadiyyatı və sosial həyatı özünəməxsusluğu ilə fərqlənir. Naxçıvan mövcud çətinliklərə baxmayaraq ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak etməkdir.
Muxtar respublikanın sosial-iqtisadi potensialının mövcud vəziyyəti
Son dövrlər kənd təsərrüfatı sektorunun inkişafı üçün görülən tədbirlər arasında müasir infrastrukturun qurulması, yeni texnologiyaların tətbiqi və yerli fermerlərin dəstəklənməsi xüsusi yer tutur. Lakin, kənd təsərrüfatı məhsullarının emalı üçün daha böyük potensialın reallaşdırılmasında əlavə tədbirlərə ehtiyac var. Sənayenin davamlı inkişafının təmin edilməsi, sənaye sahəsində fəaliyyət göstərən, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Şərur Sənaye Məhəlləsi yaradılmışdır. Bundan başqa, investisiya fəaliyyətinin təşviq olunması, iqtisadiyyata sərmayə qoyuluşunun stimullaşdırılması üçün xeyli sayda sahibkarlıq subyektinə 30-a yaxın investisiya təşviqi sənədi təqdim edilmişdir. Bu sənəd hesabına isə idxal olunan bir sıra mühüm avadanlıqlara gömrük və vergi güzəştləri tətbiq edilmişdir. Regionun təbii qazla təchizatı tam olaraq başa çatdırılmış, Naxçıvan şəhəri və onun yaşayış məntəqələrinin əhalisini içməli su və kanalizasiya xidməti ilə təmin etmək üçün qurğular və su anbarları tikilmişdir. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev su anbarı üzərində su elektrik stansiyası, Şərur rayonunda “Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyaları, Babək rayonunda “Naxçıvan günəş elektrik stansiyası”, Ordubad rayonunda Gilançay üzərində “Biləv” su elektrik stansiyası və digər stansiyalar istifadəyə verilmişdir.
Dövlət Proqramının əsas prioritet istiqamətləri haqqında
Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı 11 prioritet istiqamət müəyyən olunmuş və icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılmışdır. Mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı işlər bu istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcəkdir. Birinci prioritetdə əlverişli biznes mühitinin yaradılması dayanır. Naxçıvanda azad iqtisadi zonanın yaradılması ilə investisiya cəlbediciliyini artırılması, əhalinin məşğulluğunun artırılması məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsi, vergi və başqa güzəştlərin tətbiq edilməsi ilə özəl sektorun inkişafı, güzəştli kreditlərin verilməsi ilə sahibkarlığın inkişafı, sahibkarların bank xidmətlərinə çıxışını asanlaşdırılması və s. məsələlər bu prioritet üzrə nəzərdə tutulan işlər arasında yer almaqdadır. Sonrakı prioritet istiqamətlərdə ixracyönlü sənayenin inkişafı, ticarətin inkişaf etdirilməsi dayanır. Muxtar respublikada yaradılmış Sənaye Parkı, sənaye məhsullarının xarici bazarlara ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaqdır. Burada ticarət mərkəzinin yaradılması Bakı şəhərindən və digər bölgələrdən insanların alış-veriş üçün səfərlərini, həmçinin qonşu ölkələrdən insanların ticarət və əyləncə üçün gəlmə ehtimalını artıracaqdır. Turizm və rekreasiya zonalarının yaradılmasının regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcəyi ehtimal edilir. Kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişaf ilə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, tarixi ənənələr nəzərə alınmaqla bitkiçilik, bağçılıq, heyvandarlıq, bostançılıq, üzümçülük, arıçılıq sahələrinin inkişaf etdirilməsi planlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, dəmiryol infrastrukturunun yenilənməsi, telekommunikasiya və poçt xidmətlərinin çeşidlərinin artırılması üçün müvafiq layihələr nəzərdə tutulmaqdadır. İnsan kapitalını inkişaf etdirmək, sosial sektorun inkişafına nail olmaq, ətraf mühitin mühafizəsini gücləndirmək də müvafiq prioritet istiqamətlər arasında yer almaqdadır.
Ali təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, ali təhsil müəssisələrində yeni məzmunlu proqramların tətbiqi üzrə layihələr həyata keçiriləcək, peşə təhsilinin ayrı-ayrı səviyyələri üzrə tələbə qəbulu, əmək bazarının tələblərinə uyğun yeni ixtisasların tədrisi həyata keçiriləcəkdir. Özəl sektor tərəfindən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə özəl təhsil və tibb müəssisələrinin yaradılması üçün sahibkarlar arasında təşviqat işlərinin həyata keçirilməsi nəzərdə tutulmaqdadır.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşməsi
Ölkəmizdə həyata keçirilən bütün digər layihələr kimi bu proqramın maliyyələşdiriməsində də əsas yerdə dövlət büdcəsi dayanır. Daha sonra Naxçıvan Muxtar Respublikasının büdcəsindən ayrılan vəsaitlər, yerli və xarici investisiyalar, özəl investisiyalar, büdcədənkənar fondların vəsaitləri, dövlət-özəl tərəfdaşlığı nəticəsində formalaşan maliyyə vəsaitləri proqramın icra edilməsində əsas rola malik olacaqdır. Onu da qeyd edək ki, növbəti il üçün respublikamızın büdcə göstəriciləri rekord səviyyədə təsdiq olunmuşdur. Belə ki, 2025-ci il üçün büdcə gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367 milyon manat proqnozlaşdırılır. Şübhəsiz ki, bu dövlət proqramında nəzərdə tutulan işlərin vaxtında və sürətli yerinə yetirilməsində mühüm rol oynayacaqdır.
Naxçıvanın ölkənin əsas ərazisi ilə birbaşa nəqliyyat-kommunikasiya əlaqələrinin olmaması xammal gətirilməsində, məhsulların kənara çıxarılmasında müəyyən problemlər yaradır. Digər tərəfdən, ixrac bazarlarının coğrafi diversifikasiyasının məhdud olması, dövlət büdcəsindən asılılığın yüksək olması, torpaq sahələrinin səhralaşması və deqradasiyası olduqca çətinlik yaradan amillərdəndir. Xüsusən də iqlimin quraq olması, kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində ciddi çatışmazlıqlar yaradır. Əhalinin digər regionlara və xarici ölkələrə köçüb getməsini də muxtar respublikanın mövcud sosial-iqtisadi vəziyyəti üçün mənfi təsir kimi qiymətləndirə bilərik. Düzdür, əvvəlki illərə nisbətən artıq bu istiqamətdə azalan tendensiya mövcuddur, ancaq bu hələ də ciddi amil kimi xarakterizə edilə bilər. Bütün bunlarla bərabər, Naxçıvanın xarici ticarət üçün əlverişli iqtisadi coğrafi mövqedə yerləşməsi, zəngin təbii ehtiyatların, xammal bazasının və bərpa olunan enerji potensialının olması onun gələcək illərdə mühüm iqtisadi nailiyyətlər qazanmasına gətirib cıxaracaqdır. Qarşıdakı əsas hədəflərdən biri muxtar respublikanın maliyyələşdirilməsində dövlət büdcəsindən asılılığın aradan qaldırılması dayanır. Buna biznes sahələrinin inkişafı, sahibkarlığın canlandırılması ilə nail olmaq olar.
Proqramın təsdiq edilməsindən sonra ötən müddət ərzində görülən işlər
Qeyd etdiyimiz kimi, proqramda Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkil edilməsi, universitet nəzdində ingilisdilli orta məktəbin yaradılması ilə bağlı layihələr də nəzərdə tutulmuşdur. Universitetimizlə digər ali məktəblər və nüfüzlu akademiyalar arasında əlaqələr günü-gündən genişlənir, əməkdaşlıq müqavilələri imzalanır, mübadilə proqramları təsis olunur. Misal üçün, elə bu yaxınlarda ölkəmizin innovativ yönümlü tədris bazarında özünəməxsus yeri olan “Codelandia” Tədris Mərkəzi ilə əməkdaşlıqla bağlı görüş keçirilib. Görüş zamanı süni intellektin tibbdə tətbiqi, Tibb fakültəsi və Texnoparklarda rezident şirkət kimi fəaliyyət göstərilməsi, mərkəz tərəfindən təlimçilərlə təmin edilmə, həmçinin xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin professorlarının Naxçıvan Dövlət Universitetinə cəlb edilməsi məsələləri müzakirə olunub. Mühüm məsələlərdən biri də Naxçıvan Dövlət Universitetinin nəzdində İngilisdilli orta məktəbin fəaliyyətə başlaması olub. Universitetin Beynəlxalq Məktəbinə Kembric Beynəlxalq Təhsil proqramı ilə tədrisin həyata keçirilməsi istiqamətində beynəlxalq lisenziya verilib. Ölkəmizdə ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində 2024-2025-ci tədris ilindən başlayaraq tibb ixtisasında SABAH qrupları fəaliyyətə başlayıb.
Digər tərəfdən, proqramın əsas istiqamətləri sırasında kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyətin inkişafı və dövlət xidmətlərinin təşkil olunması da prioritet kimi müəyyən edilib. Aprel ayında Naxçıvan şəhəri, Babək, Şərur-Sədərək, Culfa-Ordubad, Şahbuz-Kəngərli rayonları üzrə KOB dostları fəaliyyətə başlayıbdır. Kənd təsərrüfatı sahəsində bəzi statistik məlumatları diqqətinizə çatdırmaq istərdim. 2023-cü il ərzində 40,000 hektar sahədə buğda əkilmiş və 120,000 tona yaxın məhsul əldə edilmişdir. Bu, ötən illə müqayisədə 7% artım deməkdir. Həmin ildə kənd təsərrüfatı məhsullarının ixracı 100 milyon manat dəyərində olmuşdur.
Eltun İbrahimov
İqtisad üzrə fəlsəfə doktoru, NDU-nun dosenti
Material xüsusi olaraq İqtisadiyyat.az üçün hazırlanıb.