Naxçıvanda Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan əməkdaşlar üçün sınaq imtahanı təşkil edilib.

İqtisadiyyat.az xəbər verir ki, muxtar respublikanın Maliyyə Nazirliyi tərəfindən Nazirlik Aparatının və yerli maliyyə orqanlarının İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan əməkdaşlarının biliklərinin qiymətləndirilməsi məqsədi ilə Dövlət İmtahan Mərkəzinin imtahan proqramına uyğun sınaq imtahanı təşkil edilib.

İmtahan başlamazdan öncə maliyyə nazirinin müavini Elvin Əlimərdanov Peşəkar Mühasib Sertifikatının əhəmiyyətini vurğulayıb və keçirilən təlimlərin maliyyə-mühasibatlıq sahəsi üzrə fəaliyyət göstərən əməkdaşların peşəkarlığının artırılması üçün zəruriliyini qeyd edib.

İyulun 19-dan başlayan və cari günədək təşkil olunan təlimlərdə tədris olunan mövzular ətrafında iştirakçılara PMS imtahanın qapalı sual formatına uyğun test kitabçaları hazırlanaraq təqdim olunub və imtahan 1 saat müddətində aparılıb.

İmtahan müddəti başa çatdıqdan sonra maliyyə üzrə təlimçi-ekspert Arif Ataxanlı tərəfindən iştirakçıların sınaq imtahanı üzrə suallarına geniş izahlar verilərək keçirilən mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, əməkdaşlar üçün təşkil edilən təlimlər həftədə iki dəfə onlayn olaraq “Zoom” platforması üzərindən, bir dəfə isə təlimçi-ekspert Arif Ataxanlı Naxçıvana dəvət edilərək əyani formada keçirilir.