Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının təkmilləşdirilməsi ilə bağlı icrası nəzərdə tutulan işlərə maliyyənin ayrılması dayandırılıb.

Bu barədə İqtisadiyyat.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat əldə edib.

Belə ki, muxtar respublikanın Dövlət Energetika Xidməti ötən ilin sentyabrın ortalarında 110/35/10 kV Çeşməbasar yarımstansiyası üçün iki ədəd 16 MVA transformatorun alınması ilə bağlı hazırlıqlara başlayıb.

Xidmət iki transformatorun satın alınmasının 2 milyon manata (daha dəqiq 1 955 175,04 manat) başa gələcəyini proqnozlaşdırıb və bununla bağlı qeyd olunan tarixdə tender elan edib.

Bundan əlavə, qurum ötən ilin oktyabrın əvvəlində muxtar respublikada 20 kəndin 10 kV-luq və 0,4 kV-luq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulması üçün elektrik kabellərinin satınalınması ilə bağlı hazırlıqlara başlayıb. Dövlət Energetika Xidməti kabellərin 1,2 milyon manata (daha dəqiq: 1 200 355) manata başa gələcəyini proqnozlaşdırıb və bununla bağlı qeyd olunan tarixdə tender elan edib.

Eyni zamanda, Xidmət ötən ilin oktyabrında yeni qurulacaq 35/ 10 kV-luq Nəzərabad və 35/ 10 kV-luq Sədərək yarımstansiyaları üçün materialların satınalınması ilə bağlı hazırlıqlara başlayıb. Dövlət Energetika Xidməti materialların satınalınmasının 2,7 milyon manata (daha dəqiq 2 766 469,29 manat) manata başa gələcəyini proqnozlaşdırıb və bununla bağlı qeyd olunan tarixdə tender elan edib.

Lakin hər üç satınalma maliyyələşdirilmənin dayandırılması səbəbindən ötən həftə ləğv edilib.