Naxçıvanda daşınmaz əmlakla bağlı xidmətlər elektronlaşdırılıb və əmlak xidmətlərinə müraciətlər kəskin artıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov nazirliyin bu ilin 6 ayında fəaliyyətinin nəticələri barədə çıxışı zamanı deyib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində ünvan reyestrinin aparılması sahəsində yeniliklərin tətbiqinə başlanıb.

Muxtar Respublikada Ünvan Reyestri İnformasiya Sisteminə qoşulma təmin olunub və ilkin ünvan məlumatları sistemə daxil edilib. 2024-cü ilin ötən dövrü ərzində muxtar respublikada yeni yaranmış 476 daşınmaz əmlak obyektinə ünvan verilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61,3 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələri üzərində kadastr əməliyyatlarının aparılması tam elektronlaşdırılıb, daşınmaz əmlakın qeydiyyatının Milli Qeydiyyat Sistemi vasitəsi ilə vahid sistem üzərindən elektron qaydada aparılması təmin edilib, ipoteka kağızı üzərində əməliyyatların vahid portal üzərindən elektron qaydada aparılmasına nail olunub.

Həmçinin, dövlət əmlakının registrinin vahid elektron platformaya keçirilməsi başa çatdırılıb, fəaliyyət istiqamətləri üzrə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib. Ünvan Reyestri İnformasiya Sisteminə qoşulma təmin edilib, ünvan xəritələrinə dair ilkin məlumatlar sistemə daxil olunub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlər üzrə müraciətlərin operativ icrası, çevikliyin artırılması, vətəndaşlarla təmasların minimuma endirilməsi, vaxt itkisinin aradan qaldırılması üçün elektron xidmətlərin əhatə dairəsini genişləndirib.

2024-cü ilin 6 ayında göstərilən xidmətlər üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 2438 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətlənib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatdırılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur. Özəlləşdirmədən daxil olan vəsait isə ötən ilin 6 ayına nisbətdə 7,5 dəfə artaraq 161,6 min manatdan 1 milyon 215,9 min manata çatıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının idarə edilməsi sahəsində yeniliklərin tətbiqi diqqətdə saxlanılıb. Cari ilin mart ayından etibarən dövlət əmlakının registrinin elektron sistem üzərindən aparılmasına başlanıb. Ötən müddətdə 276 dövlət müəssisə və təşkilatının balansında olan 1637 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib. Daşınmaz dövlət əmlakının registrindən 59 çıxarış verilib.

400 dövlət müəssisə və təşkilatından illik xüsusi hesabat formaları alınaraq təhlil olunub və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron sisteminə daxil edilib.