DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 38 yaşlı Ruslan Novruzov saxlanılıb.

Ona məxsus avtomobilin yük yerinə baxış zamanı 60 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən olunub ki, R.Novruzov yük yerində külli miqdarda narkotik vasitə olan avtomobilini diqqət çəkməmək məqsədilə paytaxt ərazisinə evakuator xidməti göstərən nəqliyyat vasitəsinin platformasında çatdırmağı planlaşdırıb.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və dövriyyəsində həmin şəxslə əlbir olan Ramil Fərziyev, Pərviz Miranov və qohumu Höccət Miranov da saxlanılıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.