Azərbaycan daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq üstünlüklər nəzərdə tutur. Bu səbəbdən vətəndaşların nağdsız ödəniş aparmasında hər hansı əlavə vəsaitin tutulması həqiqətə uyğun deyil.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında deyilir.

Qeyd edilir ki, nağdsız ödənişlərlə bağlı bəzi hallarda yanlış məlumatlar da yayılır. Məsələn, plastik kartlarla aparılan bütün növ ödənişlərdən 18% ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlar yanlışdır.

“Belə ki, plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18% ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur. Lakin alıcılar xarici ölkədən mallar aldıqda, otel xidmətlərinin və aviabiletlərin sifariş etdikdə, xaricdə alınan (istehlak) edilən iş və xidmət aldıqda banklar tərəfindən ƏDV tutulmur”, – Dövlət Xidmətindən bildirilib.

Qurum qeyd edir ki, ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapir.