Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

O bildirib ki, Azərbaycan bu cür toplantıları ən yüksək səviyyədə keçirməyi bacarır: "Buna dair onlarla misal gətirmək olar. Həm COP29 ərəfəsində, həm də onun gedişində xaricdəki bəzi dairələrin ölkəmizə qarayaxma kampaniyalarını genişləndirmələrinin isə bəlli səbəbləri var. Hər şeydən əvvəl belə bir toplantının Azərbaycanda keçirilməsi Cənab Prezidentimizin beynəlxalq şəxsi nüfuzu, hörməti, ona olan inam və etibarla bağlıdır. Dövlət başçımız bir çox məsələlərdə dünyaya örnək olub və model yaradıb. Azərbaycanın qazandığı böyük Zəfər təkcə Ermənistan və erməni dairələri deyil, onların havadarları üzərində də qazanılan möhtəşəm qələbə olduğundan bu məğlubiyyətlə heç cür barışa bilmirlər. Buna görə də qarayaxma və böhtan kampaniyasından istifadə edirlər". 

M.Qasımlı qeyd edib ki, 197 ölkədən 75 mindən çox şəxsin ölkəmizə gəlməsi, Azərbaycan gerçəkliklərini öz gözləri ilə görməsi həmin dairələrin yalanlarına vurulan ağır zərbədir: "Həmin dairələr Azərbaycanın bir çox məsələlərdə nümunə olmasını qəbul edə bilmirlər. Məsələn, Prezident İlham Əliyev kiçik ada dövlətlərinə həsr olunmuş iclasdakı çıxışında yeni müstəmləkəçiliyin ətraf mühitə vurduğu ziyan məsələsini gündəliyə gətirdi. Bu, dünya siyasəti tarixində bir ilkdir. Müstəmləkəçiliyə son qoyulub, amma Fransa və bəzi digər dövlətlər hələ də həmin siyasəti davam etdirirlər. Bu gün yeni müstəmləkəçilikdən əziyət çəkən xalqlar və ölkələr Azərbaycana ümid gözü kimi baxırlar. Cənab Prezidentimiz dünyada haqq və ədalətin rəmzi kimi qəbul olunur. Ona görə də ölkəmizə qarşı aparılan böhtan və qarayaxma kampaniyası hələ davam edəcək. Belə şəraitdə biz bir millət olaraq daim dik və ayaqda dayanmalı və dövlətimizin siyasətini birmənalı olaraq müdafiə etməliyik. Çünki həmin siyasətlə məhz Cənab Prezidentimiz millətimizi arzularına çatdırıb".

İsmayıl Bakuvi