Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yol infrastrukturu daha da genişlənməlidir.

Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Yasin Mustafa deyib.

Ekspertin sözlərinə görə, azad edilmiş ərazilərdə bütün infrastruktur ermənilər tərəfindən tamamilə dağıdılmışdı:

“Buna görə də hazırda tikilən magistral yollardan əlavə, yerli əhəmiyyətli yolların, şəhərlərin, rayonların, kəndlərin yolları, sahələrarası yolların tikintisi vaxtı çatdıqca həyata keçirilməlidir. Azad edilmiş ərazilərin bəzilərinin Baş planları hazırlanıb, bəziləri isə hazırlanmaq mərhələsindədir. Baş planlarda nəzərdə tutulmuş qaydada yolların tikintisi həyata keçiriləcək.

Bundan başqa, şəhərlərarası yollar da var ki, bunların inşasına və layihələndirilməsinə başlamaq vaxtı çatıb”.

O deyib ki, Qarabağda hərtərəfli yenidənqurma işləri aparılır: “Bu işlərin başlanğıcında da avtomobil yollarının salınması durur. İlk növbədə yol olmalıdır ki, bütün quruculuq işlərini həyata keçirə bilək”.

Y.Mustafa qeyd edib ki, Zəfər yolunun inşası, demək olar ki, yekun mərhələdədir: “Son tamamlanma işləri qalıb. Bu yol bizim üçün xüsusi önəm kəsb edir. Zəfər yolu mədəniyyətimizin paytaxtı Şuşanı ölkənin əsas hissəsi ilə bağlayan yeganə yoldur. Yaxın gələcəkdə Şuşaya bir neçə istiqamətdə yolumuz olacaq.

Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən digər yollardan biri də Kəlbəcər-Toğanalı yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır. Burada qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Ona görə də çətin relyefə malik ərazidə 31,5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib.

Tunel bir istiqamət üzrə iki hərəkət zolaqlı və 12 metr enində olacaq. Tunel olmayanda biz üç min metrdən çox yüksəkliyə qalxırıq. Bu isə qışda bizim üçün çətinlik yaradır. Amma tunel bizə imkan verəcək ki, bu yol asanlaşsın. Kəlbəcər-Toğanalı yolu Kəlbəcər kimi gözəl bölgəmizi ölkənin digər rayonları ilə birləşdirəcək”.